“Qarabağ həftəsi” layihəsi çərçivəsində Füzuli rayonuna həsr edilmiş təqdimat keçirildi
20 may 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü, 3, 102 və 276 saylı orta məktəblərin birgə təşkilatçılığı ilə “Qarabağ həftəsi” layihəsi çərçivəsində Füzuli rayonu haqqında təqdimat keçirildi.
Təqdimatda münsiflər heyətinin üzvləri - Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəvanə Əliyeva, YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Ziyad Nəbiyev, Binəqədi Mərkəzi Mədəniyyət Evinin müdiri Zivər Abbasova, YAP Binəqədi rayon təşkilatının əməkdaşları, 3,102 və 276 saylı məktəblərin rəhbərləri və müəllim-şagird kollektivi iştirak etdilər.
Təqdimat Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başladı. Sonra hər üç məktəbin istedadlı uşaqlarının təqdimatında erməni iğalı altında olan Füzuli rayonumuzun tarixi, adət-ənənələri, milli musiqisi, milli geyim nümunələri və s. barədə məlumatlar çatdırıldı. Bildirildi ki, Füzuli rayonu Azərbaycanın inzibati ərazi vahidi olaraq 1993-cü ildə ərazisinin bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Hazırda 51 kənd və rayon mərkəzi ermənilərin işğalı altındadır və 55 min nəfərə yaxın füzulili öz doğma torpaqlarından qovulub. Lakin Azərbaycan ordusunun həmin ilin dekabr ayında başlatdığı əməliyyat nəticəsində işğal olunmuş 21 kənd və strateji cəhətdən əhəmiyyətli Horadiz qəsəbəsi işğaldan azad edilib. Hal-hazırda işğaldan azad olunmuş torpaqlarda əhali öz doğma torpaqlarına qayıdıb və 1995-1997-ci illərdə Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərinə 40.000 dinc sakin qayıdaraq öz normal həyatlarını bərpa ediblər.
Təqdimatda Füzuli rayonunun şəhidləri, həmçinin tanınmış şəxsiyyətləri və ziyalıları haqda slaydlar göstərildi. Musiqi tərtibatı ilə zəngin olan təqdimatda mahnılar, rəqslər, şerlər səsləndirildi.
Təqdimatda çıxış edən Rəvanə Əliyeva erməni işğalı altında olan tarixi torpaqlarımızın tezliklə azad olunacağına əminliyini ifadə etdi. Bildirdi ki, ermənilər öz məkirli siyasətləri ilə bütün dünya ictimaiyyətini aldatmağa çalışsalar da Qarabağın bütün elementləri, tarixi, coğrafiyası, musiqisi, adət-ənələri bu torpaqların Azərbaycana məxsus olduğunu sübut edir. Hətta bu gün azərbaycanlı balaların Qarabağı görmədən belə vətən həsrəti çəkmələri, Qarabağın hər adı çəkiləndə onu ürək yanğısı ilə xatırlamaları bu torpaqların əsl sahibinin kimliyini bəyan edir.
Sonda təqdimatda iştirak edən şagirdlərlə birlikdə xatirə fotosu çəkildi.