“Qarabağ həftəsi” layihəsi çərçivəsində Zəngilan rayonuna həsr olunmuş növbəti təqdimat keçirildi
20 may 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü, 30, 99, 115 saylı orta məktəblərin birgə təşkilatçılığı ilə “Qarabağ həftəsi” layihəsi çərçivəsində Zəngilan rayonuna həsr olunmuş növbəti təqdimat keçirildi.
Təqdimatda münsiflər heyətinin üzvləri - YAP Binəqədi rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Ziyad Nəbiyev, Binəqədi Mərkəzi Mədəniyyət evinin müdiri Zivər Abbasova, YAP Binəqədi rayon təşkilatının əməkdaşları, məktəblərin müəllim, şagird kollektivi iştirak etdilər.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra aparıcı təqdimatı ümummilli lider Heydər Əliyevin Zəngilan rayonu haqqında fikirləri ilə başladı. Daha sonra Zəngilan rayonunun tarixi, etnoqrafiyası, coğrafi mövqeyi, relyefi, tarixi abidələri və oradakı multikultural dəyərlərdən bəhs edən slaydlar təqdim edildi. Zəngilan rayonunun işğaldan öncə və işğaldan sonrakı vəziyyəti ətraflı təhlil edilərək erməni işğalçılarının Zəngilanda törətdiyi vəhşiliklər bir daha nümayiş etdirildi. Oradakı tarixi abidələrin və yaşayış məntəqələrinin dağıdıldığı diqqətə çatdırıldı. Oradakı təbii sərvətlərimiz, dünyada birinciliyini qoruyub saxlayan cinar ağacları barədə ətraflı məlumatlar çatdırıldı. Təqdimatda istedadlı şagirdlər tərəfindən Zəngilana həsr olunmuş çoxsaylı şeirlər, rəqslər ifa olundu, səhnəcik göstərildi.
Təqdimatda Zəngilanlı ziyalı, şair, pedaqoq Oqtay Zəngilanlı çıxış edərək “Qarabağ həftəsi” layihəsinin təşkilatçılarına minnətdarlığını bildirdi. Qeyd etdi ki, işğal altında olan tarixi torpaqlarımızdan bəhs edən tədbirlərin keçirilməsi və gənclərə onlar haqqında dolğun məlumatların çatdırılması olduqca vacibdir. Zəngilan rayonu da zəngin tarixi və adət-ənənələri olan diyarımızdır. Oranın təbiəti, təbii sərvətləri, insanlarının qonaqpərvərliyi əsl nümunə idi. Təəssüflər olsun ki, Zəngilan kimi dəyərli ata-baba yurdumuz indi erməni işğalı altındadır. Lakin bu torpaqlarımızın əsası ulu öndər, dahi şəxsiyyəti Heydər Əliyev tərəfindən qoyulan və dövlət başçısı, ali baş komandan cənab İlham Əliyev tərəfindən uğurlu davam etdirilən xarici siyasət nəticəsində tezliklə azad olunacağı gün uzaqda deyil. O, həmçinin Zəngilanda şahidi olduğu bir sıra hadisələrdən danışaraq, oranın igid, qəhrəman oğullarını bir daha yad etdi.
Təqdimatda çıxış edən Ziyad Nəbiyev layihə barədə məlumat verərək bildirdi ki, bu layihə Binəqədi rayonunun 32 orta ümumtəhsil məktəbini əhatə edəcək və işğal altındakı rayonlarımıza həsr olunmuş təqdimatlar keçiriləcək. O, Zəngilana həsr olunmuş bu günkü təqdimatın dolğun və ətraflı hazırlandığı üçün məktəb kollektivinə öz təşəkkürünü bildirdi.