“Qarabağ inciləri” adlı musiqili tamaşa təqdim edildi
Mayın 20-də Binəqədi rayonunda yerləşən M.Maqomayev adına 26 nömrəli Onbirillik musiqi məktəbi “Qarabağ inciləri” adlı musiqili tamaşa təqdim etdi.
Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüqar Zeynalov, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəvanə Əliyeva, Azərbaycan Dövlət Konservatoriyasının musiqişünas professorları Zemfira Qafarova, Şəfiqə Eyvazova, Bakı uşaq musiqi və incəsənət məktəblərinin direktorları, şagirdlər və valideynlər iştirak etdilər.
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında nümayiş olunan musiqili tamaşada məktəblilər şairə Xurşidbanu Natəvanın, dahi bəstəkar Üzeyir Hacıbəylinin, tanınmış fransız yazıçısı Aleksandr Dümanın obrazlarını canlandırdılar.
Məktəbin müəllim və şagirdləri Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-Hicran” və “Arşın mal alan”, V.Adıgözəlovun “Natəvan” operasından “Şuşa”, A.Vivaldi “İlin fəsilləri”, Bax “Menuet”, “Qarabağ şikəstəsi”, “Çahargah” rəngi kimi bir çox dünya və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət zəngin proqramla çıxış etdilər.
Milli mədəniyyətimizi tərənnüm edən musiqili tamaşa hər kəsdə xoş təəssürat yaratdı və anşlaqla keçdi.