Binəqədi rayonunda “Qarabağ həftəsi” layihəsi çərçivəsində işğal altında olan Xocavənd rayonuna həsr olunmuş təqdimat keçirildi
21 may 2016-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü, 205, 301, 314 saylı orta məktəblərin birgə təşkilatçılığı ilə “Qarabağ həftəsi” layihəsi çərçivəsində işğal altında olan Xocavənd rayonuna həsr olunmuş təqdimat keçirildi.
Təqdimatda münsiflər heyətinin üzvləri - Binəqədi rayon İcra Hakimiyyətinin başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəvanə Əliyeva, YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, təşkilatın baş təlimatçısı Kubra Əliyarlı, 205, 301 və 314 saylı orta məktəblərin rəhbərlik, müəllim və şagird kollektivi iştirak etdilər.
Təqdimat Azərbaycanın dövlət himnini səsləndirilməsi ilə başladı. Daha sonra 314 saylı orta məktəbin tarix müəllimi Ramal Alıyev tərəfindən Xocavənd rayonunun tarixi haqqında ətraflı slaydlar təqdim edildi. Rayonun coğrafiyası, təbiəti, rayon ərazisində yerləşən bütün tarixi və dini abidələr barədə tədbir iştirakçılarına dolğun məlumatlar çatdırıldı. Bildirildi ki, Azərbaycanın inzibati ərazi vahidi olan Xocavənd rayonu 2 oktyabr 1992-ci il tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilib. Heç bir beynəlxalq hüquq normalarına və insanlığa sığmayan bu işğalçılıq siyasəti nəticəsində rayona çoxsaylı maddi və mənəvi ziyan dəyib. Belə ki, işğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi ermənilər tərəfindən yandırılaraq əmlakları talan edilib. Onlarla sənaye, kənd təsərrüfatı obyektləri, təhsil, məktəbəqədər tərbiyə, səhiyyə, mədəniyyət müəssisələri, tarixi abidələr dağıdılaraq viran qoyulub.
Xocavənd rayonuna həsr olunmuş təqdimatda rayona həsr olunmuş şeirlər, vətənpərvərlik mövzusunda müxtəlif mahnılar səsləndirildi. Məktəblərin istedadlı şagirdlərinin canlandırdığı “Vaqif” dramı səhnəciyi də iştirakçılar tərəfindən xüsusi maraqla qarşılandı.
Təqdimatda həmçinin 314 saylı orta məktəbin şagirdlərinin yüngül atletika idman növü üzrə Bakı şəhər birinciliyində qalibiyyət qazanmaları münasibətilə onların mükafatlandırılması mərasimi keçirildi. Qalib gəlmiş şagirdlərə medal və fəxri fərmanlar təqdim edildi.
Təqdimatda Sevinc Abdullayeva çıxış edərək layihə barədə məlumat verdi. Bildirdi ki, “Qarabağ həftəsi” layihəsinin həyata keçirilməsində əsas məqsəd gənclər və yeniyetmələr arasında vətənpərvərlik hisslərinin təbliğidir. Məhz bunun üçün bu layihə Binəqədi rayonunu əhatə edən 32 orta ümumtəhsil məktəbin şagirdləri arasında təşkil edilib. Günümüzün ən aktual mövzularından olan vətənpərvərliyini daha geniş təbliği və insanlarımızın bu ruha köklənməsinin vacibliyini önə çəkərək bu işdə hər bir vətəndaşın, xüsusilə müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğuladı.
Təqdimatda Nazir Əliyev çıxış edərək bu layihənin təşəbbüskarlarına - Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinə təşəkkürünü bildirdi.
Təqdimat vətənpərvərlik mövzusunda şagirdlərin ifasında mahnıların səsləndirilməsi ilə başa çatdı.