Binəqədi rayonunda “Qarabağ həftəsi” layihəsi çərçivəsində Ağdam rayonuna həsr edilən təqdimat keçirildi
23 may 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü, 284, 298, 299 saylı orta məktəblərin birgə təşkilatçılığı ilə “Qarabağ həftəsi” layihəsi çərçivəsində Ağdam rayonu haqqında “Ağdamı heç vaxt unutmarıq” adlı təqdimat keçirildi.
Tədbirdə münsiflər heyətinin üzvləri - Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəvanə Əliyeva, YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Ziyad Nəbiyev, Binəqədi Mərkəzi Mədəniyyət Evinin müdiri Zivər Abbasova, YAP Binəqədi rayon Təşkilatının əməkdaşları Kubra Əliyarlı, Zamin Süleymanov, Ağdam elinin ağsaqqalı, əməkdar müəllim, yazıçı Səlim Əzimov, yazıçı-dramaturq Əli Əmirli, 284, 298 və 299 saylı orta məktəblərin rəhbərliyi, müəllim və şagird kollektivi iştirak etdilər.
Təqdimat Azərbaycanın dövlət himnini səsləndirilməsi ilə başladı. Daha sonra erməni işğalı altında olan Ağdam rayonu haqqında təqdimata start verildi. Ağdam rayonunun tarixi-etnoqrafiyası, coğrafiyası, tarixi və maddi-mədəniyyət nümunələri, görkəmli şəxsiyyətləri, milli qəhrəmanları və şəhidləri haqqında ətraflı məlumatlar verildi. Vurğulandı ki, Azərbaycanın tarixi-əzəli torpağı olan Ağdam rayonu 1993-cü ilin 23 iyul tarixində erməni silahlı birləşmələri tərəfindən işğal edilib. Qarabağ savaşında ən şox şəhid verən rayon məhz Ağdam rayonudur.
Ağdam rayonuna həsr olunmuş təqdim daha sonra geniş proqramla davam etdirildi. Təqdimatda “Heyratı”, “Qarabağ şikəstəsi” muğamları, “Sona bülbüllər”, “Kəndimiz” (xorda), “Qarabağ” mahnıları, müxtəlif rəqslər ifa edildi.
Təqdimatda həmçinin nasir, dramaturq İlyas Əfəndiyevin “Atayevlər ailəsi” pyesi əsasında tamaşa nümayiş etdirildi. Təqdimata “Azərbaycan əsgəri” şeiri və “Azərbaycan marşı” ilə yekun vuruldu.
Çıxış edən Nizami Novruzov vətənimizə böyük sərkərdələr bəxş etmiş, qeyrət simvolumuz olan Qarabağımızın zəngin tarixə və mədəniyyətə malik tərkib hissəsi olan Ağdam rayonu haqda fikirlərini bölüşdü. İşğal altında olan bütün torpaqlarımız kimi, Ağdam rayonunun da tezliklə işğaldan azad olunacağına əmin olduğunu söylədi.
Təqdimatda çıxış edən Sevinc Süleymanova “Qarabağ həftəsi” layihəsi barədə məlumat verərək, yetişən və yetişməkdə olan gənclərimizin yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətindən danışdı. Buna əyani sübut kimi bu ilin 2-5 aprel tarixlərində qoşunların təmas xəttində əsgərlərimizin və hərbçilərimizin göstərdikləri şücaətləri göstərdi.
Tədbirdə çıxış edən Səlim Əzimov və Əli Əmirli Ağdamda baş verən hadisələrin canlı şahidləri olaraq oranın adət-ənənələri, görkəmli insanları haqqında danışdılar. Hər iki ziyalı Ağdam rayonu haqqında yazdıqları kitablardan və o kitablarda Ağdam rayonu haqqında müfəssəl məlumatların çatdırılmasından bəhs etdilər. Bildirildi ki, dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və cəsarəti sayəsində işğal altındakı torpaqlarımız tezliklə azad olunacaq və ən böyük qələbə tədbirlərimiz məhz o torpaqlarda keçiriləcək.