28 May - Respublika Günü münasibətilə Binəqədi rayonunun balaca sakinləri “Hərəyə bir bayraq verək” aksiyası keçirdilər
24 may tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə 28 May - Respublika Günü münasibətilə Binəqədi rayonunun balaca sakinləri “Hərəyə bir bayraq verək” aksiyası keçirdilər.
Binəqədi rayon bələdiyyəsindən başlayan “Hərəyə bir bayraq verək” aksiyası rayonun 272 saylı körpələr evi–uşaq bağçasının uşaqlarının iştirakı ilə keçirildi. Aksiya zamanı ərazilər boyunca balaca fidanları Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Leyla Kərimova, Binəqədi rayon bələdiyyəsinin sədri Sitarə Cabbarlı, 1 və 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri Dilbər Şükürova, Ləman Əliyeva və bağçanın müəllim nümayəndələri müşayət etdilər.
Balaca fidanlar hərbi formada Binəqədi rayonu ərazisində yerləşən “Heydər” məscidi, Zərifə Əliyeva adına park, Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzi, A.Məmmədov parkı, 6–cı mikrorayon boyunca əraziləri gəzərək əllərindəki üçrəngli bayraqları veteranlara, qocalara, təqaüddə olan ağsaqqallara, məktəblilərə, polis işçilərinə, səhiyyə sahəsində çalışan işçilərə, müharibə, Qarabağ əlillərinə, milli qəhrəmanların ailə üzvlərinə, ərazidə azadlıq prospekti boyunca yol təmirində çalışan fəhlələrə, avtobus dayanacaqlarında duran sürücülərə, fiziki məhdud olan insanlara və öz həm yaşıdlarına payladılar. Bütün sakinlər tərəfindən maraqla qarşılanan “Hərəyə bir bayraq verək” aksiyası hamıda sevinc yaratdı.
Aksiyadan sonra uşaqlarla Binəqədi rayon bələdiyyəsinin inzibati binasında çay süfrəsi ətrafında səmimi görüş davam etdirildi.
Sonda Binəqədi bələdiyyəsi tərəfindən balaca fidanlara hədiyyələr təqdim edildi və xatirə fotosu çəkdirildi.