“Qarabağ həftəsi” layihəsi çərçivəsində Şuşa rayonuna həsr olunmuş geniş təqdimat keçirildi
24 may 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü, 126, 244 və 283 saylı orta məktəblərin birgə təşkilatçılığı ilə “Qarabağ həftəsi” layihəsi çərçivəsində Şuşa rayonuna həsr olunmuş geniş təqdimat keçirildi.
Təqdimatda YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, münsiflər heyətinin üzvləri - YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəvanə Əliyeva, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Ziyad Nəbiyev, Binəqədi Mərkəzi Mədəniyyət Evinin müdiri Zivər Abbasova, 126, 244 və 283 saylı orta məktəblərin rəhbərliyi, müəllim və şagird kollektivi iştirak etdilər.
Təqdimat Azərbaycanın dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Daha sonra 126, 244 və 283 saylı orta məktəblərin istedadlı şagirdlərinin təqdimatında Şuşa rayonu haqqında ətraflı məlumat verildi. Şuşanın tarixi, coğrafi mövqeyi, musiqisi, tarixi və digər ziyalı şəxsiyyətləri, milli mətbəxi haqqında rəngarəng videçarxlar nümayiş etdirildi.
Zəngin ssenari əsasında hazırlanmış təqdimatda Şuşa rayonuna həsr olunmuş şeirlər, mahnılar və muğamlar ifa edildi.
Təqdimatda çıxış edən təqdimatın ssenari müəllifi, 126 saylı orta məktəbin direktoru, şair, publisist Şəmsi Qoca “Qarabağ həftəsi” layihəsinin təşəbbüskarlarına bütün kollektiv adından təşəkkürünü bildirdi. Layihə çərçivəsində Şuşa rayonunun təqdimatının onlara həvalə olunmasından və alınmaz qalamız olan Şuşanın zəngin tarixinin və mədəniyyətinin gənclərə aşılanmasından böyük fərəh və qürur duyduqlarını söylədi. İşğal altındakı bütün tarixi torpaqlarımız kimi, Şuşa rayonunun da bütün tarixi və mədəni abidələrinin ermənilər tərəfindən dağıdılması faktının bütün dünyaya çatdırılmalı olduğunu vurğuladı.
Təqdimatda çıxış edən 244 saylı orta məktəbin direktoru Yəhya Abbasov çıxış edərək Şuşa rayonunun təqdimatına böyük həvəslə və qürurla hazırlaşdıqlarını, hər bir şagirdin vətənpərvərliyin təbliğinə yönəlmiş bu işdə böyük əzmkarlıq nümayiş etdirdiklərini vurğuladı.
283 saylı orta məktəbin direktoru Tünzalə Zeynalova çıxışında bildirdi ki, Azərbaycan dövləti Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər görür, genişmiqyaslı tədbirlər həyata keçirir. Xüsusilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü və rəhbərliyi ilə əzəli torpaqlarımız olan Qarabağın ermənilər tərəfindən işğal edilməsi faktı bütün dünyaya bəyan edilir və oranın tarixi, mədəni həyatı geniş təbliğat olunur. O, Mehriban xanım Əliyevanın ifadə etdiyi kimi, “Qarabağ işğaldan azad olunanadək hər birimiz qarabağlıyıq” ifadəsini bir daha vurğuladı.
Təqdimatda yekun nitq söyləyən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov “Qarabağ həftəsi” layihəsi haqqında fikirlərini bölüşdü. Diqqətə çatdırdı ki, bu layihənin irəli sürülməsində əsas məqsəd vətənpərvərliyin təbliği, Qarabağ həqiqətlərinin, onun erməni işğalçıları tərəfindən zəbt olunması faktını dönə-dönə xatırlamaq və gənclərə çatdırmaqdır. Bu layihə öz fərqli sujet xəttinə və əhatə etdiyi tarixə, coğrafi əraziyə görə təkcə Binəqədi rayonu hüdudlarında deyil, bütün Bakı şəhəri və ölkə üzrə önəmli yer tutur. Ramiz Göyüşov həmçinin Şuşa rayonu haqqında hazırlanan təqdimatın yüksək peşəkarlıqla təşkil edildiyinə görə təşkilatçılara, məktəblərin müəllim və şagird kollektivinə öz minnətdarlığını ifadə etdi. Belə tədirlərin hər bir azərbaycanlı üçün ən önəmli və müqəddəs amallardan olan vətənpərvərliyin təbliğində müstəsna rolu olduğunu qeyd etdi.
Təqdimatın sonunda tədbir iştirakçıları birgə xatirə fotosu çəkdirdi.