Şriftin ölçüsü :

Saytın rəngi :

“Qarabağ həftəsi” layihəsi çərçivəsində Qubadlı rayonuna həsr edilən təqdimat keçirildi

24 may 2016 | 11:00

24 may 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü, İdrak Liseyinin təşkilatçılığı ilə “Qarabağ həftəsi” layihəsi çərçivəsində Qubadlı rayonuna həsr edilən haqqında “Qubadlıya apar məni” adlı təqdimat keçirildi.
Təqdimatda YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, münsiflər heyətinin üzvləri - Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəvanə Əliyeva, YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Ziyad Nəbiyev, Binəqədi Mərkəzi Mədəniyyət Evinin direktoru Zivər Abbasova, YAP Binəqədi rayon təşkilatının əməkdaşları, İdrak Liseyinin təsisçisi və direktoru Mönsüm Alışov, liseyin müəllim, şagird kollektivi və digər qonaqlar iştirak etdilər.
Təqdimatdan öncə İdrak Liseyinin həyətində milli geyimli oğlan at belində gələrək qonaqpərvərliyin rəmzi olaraq bütün qonaqları və Qubadlıdan olan ağsaqqalları adət-ənənələrimizə uyğun şəkildə salamladı. Həmçinin qonaqlara Qubadlı mətbəxi barədə məlumat verildi. Liseyin həyətindəki açılış lisey şagirdlərinin milli rəqs ifası ilə yekunlaşdı. Daha sonra təqdimat rəsmi hissə ilə liseyin akt zalında davam etdirildi. Azərbaycanın dövlət himni səsləndirildi və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Təqdimatı giriş nitqi ilə Mönsüm Alışov açaraq vətənpərvərlik mövzusuna həsr olunmuş layihələrin əhəmiyyətindən danışdı. Bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsi olaraq Qarabağ həqiqətlərinin dünyaya çatdırılması missiyası məqsədyönlü şəkildə davam etdirilir. Ermənilərin xalqımıza qarşı apardıqları amansız siyasət və torpaqlarımızın işğal edilməsi faktı bütün dünyaya çatdırılmalıdır. Bu işdə hər bir azərbaycanlı səfərbər olunmalı və vətən qarşısında ən müqəddəs borcunu yerinə yetirməlidir. Məhz bu gün Qubadlı rayonuna həsr olunmuş təqdimatın keçirilməsi də lisey kollektivi üçün böyük qürur və fəxrdir.
Təqdimatda Qubadlı rayonunun tarixi və etimologiyası haqqında “Tariximiz qan yaddaşımızdır” adlı slaydlar təqdim edildi. Eyni zamanda rayonun coğrafiyası, tarixi abidələri barədə ətraflı məlumat verildi.
Daha sonra təqdimat bədii hissə ilə davam etdirildi. 2013 muğam televiziya müsabiqəsinin laureatı Könül Xəlilzadə, müğənni İlahə İbadova, aşıq Namiq Fərhadoğlu və liseyin şagirdlərinin ifasında mahnılar və müxtəlif şeirlər səsləndirildi.
Təqdimatda çıxış edən Qubadlıdan olan ağsaqqallar Qubadlı rayonu haqqında xatirələrini bölüşdülər. Qubadlının zəngin tarixindən, adət-ənənələrindən geniş bəhs etdilər.
Təqdimatda yekun nitq söyləyən Ramiz Göyüşov Binəqədi rayonunda müxtəlif aktual mövzulara həsr olunmuş silsilə layihələrin və tədbirlərin keçirildiyini diqqətə çatdırdı. “Qarabağ həftəsi” layihəsinin də rayon rəhbərliyinin dəstəyi ilə reallaşdırılan uğurlu layihələrdən biri olduğunu söylədi. Bu layihə haqqında ətraflı məlumat verərək, vətənpərvərliyin təbliğinin mühüm missiya olduğunu vurğuladı. Onun sözlərinə görə Azərbaycan xalqı məğrur xalqdır, öz torpaqlarının müdafiəsindən qorxmur və müharibəyə hər zaman hazır olduğunu bəyan edir. Bu ilin 2-5 aprel tarixlərində cəbhə bölgəsində baş verən hadisələr və igid oğullarımızın şəhid olması bunu bir daha sübut etdi.

Keçidlər