“Zərərli vərdişlərə qarşı mübarizədə milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirildi
Mayın 31-də Binəqədi rayonunda 246 nömrəli məktəb-liseydə “Zərərli vərdişlərə qarşı mübarizədə milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirildi.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin məsul əməkdaşları Novruz Nuriyev və Nurlan Əzizov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov, 246 nömrəli məktəb-liseyin direktoru Almaz Bayramova, 20 saylı uşaq poliklinikasının həkimi Maya Aydəmirova, müəllimlər və Binəqədi rayonu ərazisində yerləşən 30, 144, 157, 246 və 267 nömrəli məktəblərin şagirdləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan 246 nömrəli məktəb-liseyin direktoru Almaz Bayramova qonaqları təqdim etdi.
Daha sonra söz Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rauf Həsənova verildi. Natiq milli-mənəvi dəyərlərin qorunmasında dövlət siyasətinin rolu və gənclərin üzərinə düşən vəzifələrdən danışaraq, bu dəyərlərin qorunmasının vacibliyi haqqında söhbət açdı. Tədbirdə gənclərin diqqətinə çatdırıldı ki, Azərbaycanda gənc nəslin milli ruhda tərbiyə olunması məsələsi ulu öndər Heydər Əliyev tərəfindən əsas vəzifələrdən biri kimi irəli sürülmüşdür. Ümummilli lider bu məsələdən bəhs edərkən belə deyirdi: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”.
Daha sonra 20 saylı uşaq poliklinikasının həkimi Maya Aydəmirova öz çıxışında gənclərə sağlam həyat tərzinə həvəsli olmağı, zərərli və psixotrop maddələrdən uzaq olmağı və müasir təbliğat vasitələri ilə reklam olunan zərərli vərdişlərdən uzaq olmağı tövsiyyə etdi.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin məsul əməkdaşı Novruz Nuriyev multikulturalizm və milli-mənəvi dəyərlərimiz arasında olan sıx bağlılığın tarixi köklərə dayandığını qeyd etdi. Gənclərə zərərli vərdişlərə qarşı mübarizədə, cəmiyyətdə mənfi meyllərin aradan qaldırılmasında əxlaqi dəyərlərin, düzgün şəkildə dünyəvi və dini savadlanmanın rolunun böyük olduğu diqqətə çatdırıldı.
Sonda çıxış edən məktəbin direktoru Almaz Bayramova belə tədbirlərin əhəmiyyətindən danışaraq təşkilatçılara müəllimlər və şagirdlər adından öz təşəkkürünü bildirdi.
Tədbirin sonunda şagirdlərlə fikir mübadiləsi aparıldı və onları maraqlandıran suallar cavablandırıldı.