Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunun orta məktəblərində Son zəng tədbirləri keçirildi

14 iyun 2016 | 11:00

İyunun 14-də Binəqədi rayon məktəblərində 2015-2016-cı tədris ilinin başa çatması münasibəti ilə tədbirlər keçirildi.
Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki şəhid Qamət Abbasov adına 284 nömrəli tam orta məktəbdə də “Son zəng” tədbiri keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, şəhid Qamət Abbasovun anası Yavər Abbasova, ASAN könüllüləri, müəllimlər və valideynlər iştirak etdilər.
Məzunların buraxılış tədbiri dövlət bayrağının səhnəyə gətirilməsi və dövlət himninin səsləndirilməsi ilə başladı.
Məzunları təbrik edən məktəbin direktoru Nizami Novruzov gələcəyimiz olan bu gənclərin müstəqil dövlətin vətəndaşı olaraq Azərbaycanın həyatında müstəsna xidmətlər göstərəcəklərinə inamını ifadə etdi.
Daha sonra çıxış üçün söz alan məktəbin XI sinif şagirdi Leyla Ataxanovanın valideyni Qalina Ataxanova ölkəmizdə mövcud olan tolerantlıq ənənələrindən, multikultural dəyərlərdən bəhs edərək, Azərbaycanın sülhsevər bir məmləkət olduğunu, burada yaşayan müxtəlif xalqların nümayəndələrinin əsrlər boyu mehriban şəkildə yaşadığını vurğuladı.
Daha sonra söz “Ölkəmizi tanıyaq” layihəsinin iştirakçısı, məktəbin X şagirdi Süleyman Quliyevə verildi. Məktəbli öz çıxışında adıçəkilən layihədə iştirakına şərait yaradıldığına görə ölkə başçısına təşəkkürünu bildirərək qeyd etdi ki, “biz gənclərin vətənpərvər nəsil kimi yetişməyimizdə bu kimi layihələrin böyük əhəmiyyəti var”
Mərasimdə məzunların və məktəblilərin hazırladıqları bədii kompozisiyalar, ifa etdikləri mahnılar və rəqslər  iştirakçılar tətərəfindən maraqla qarşılandı. Sonra məzunlar bilik rəmzi sayılan açarı 1-ci sinif şagirdlərinə təqdim etməklə estafeti onlara verdilər. Nəhayət məzunların sevinc və həyəcan dolu duyğularla gözlədikləri an yetişdi və onbirillik məktəb həyatının sonuncu zəngi çalındı. Daha sonra çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov məzunları təbrik etdi və onlara gələcək həyatlarında uğurlar arzuladı.
Məktəbin şagird və müəllim kollektivini məzun günü münasibəti ilə təbrik edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov müstəqil həyata ilk addımlarını atan məzunlara gələcək fəaliyyətində uğurlar arzuladı. Qeyd etdi ki, bu il rayonun orta məktəblərini bitirən 2441 şagird məzun adını qazanıb. Bildirildi ki, bu gün ölkəmizdə təhsilinin dünya standartları səviyyəsində qurulması dövlət tərəfindən Azərbaycan təhsilinə göstərilən diqqət nəticəsində  reallaşır. İcra hakimiyyətinin başçısı təhsilin dövlət qayğısı ilə əhatə olunduğu bir ölkədə yaşamağın və təhsil almağın bir xoşbəxtlik olduğunu qeyd etdi. İlbəil təhsil sahəsinə artan dövlət qayğısı, bu sahədə atılan yenilikçi addımlar, qabaqcıl dünya təcrübəsindən bəhrələnməklə çağdaş təlim metodlarının tətbiqi bu gün təhsilimizin inkişafına əlverişli zəmin yaradır. Bu gün bütün təhsil müəssisələrində çalışan pedaqoji kollektiv, eləcə də şagirdlər bu qayğının əhatəsindədirlər. Qeyd olundu ki, on bir il bundan əvvəl, ilk dəfə olaraq, əllərinə çanta alıb məktəbə yollanan, yazmağı-oxumağı öyrənən balacalar onbirillik məsafədən sonra bu gün artıq Azərbaycanın müstəqil vətəndaşı kimi həyata vəsiqə alırlar. İcra Hakimiyyətinin başçısı məzunlara hansı peşəyə yiyələnməsindən asılı olmayaraq öz bilik və bacarıqları ilə dövlət başçısının rəhbərliyi ilə günbəgün tərəqqi edən Azərbaycanın inkişafına töhfələr verməyi və dövlətimiz üçün layiqli vətəndaş olmalarını arzuladı.
Sonda, “İlin Ən yaxşı şagirdi”, “İlin ən yaxşı müəllimi” nominasiyaları üzrə qaliblərə Fəxri Fərmanlar, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə rayonun məktəbliləri arasında idmanın müxtəlif növləri üzrə keçirilən spartakiadada ikinci yerə yüksəlmiş məktəbin komandasına kubok və diplom təqdim edildi.

 

 

Keçidlər