Binəqədi rayonunda “26 iyun Beynəlxalq Narkomaniya ilə Mübarizə Günü” münasibətilə tədbir keçirildi
İyunun 23-də Binəqədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Binəqədi rayon İcra Hakimiyyəti və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “26 iyun Beynəlxalq Narkomaniya ilə Mübarizə Günü” münasibətilə tədbir keçirildi.
Tədbirin rəsmi hissəsindən öncə rayon ümumtəhsil məktəblərinin şagirdlərinin narkomaniyanın cəmiyyətə zərərlərini əks etdirən mövzuda əl işlərindən ibarət sərgi nümayiş olundu.
Tədbiri giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov qonaqları salamladıqdan sonra çıxış üçün sözü Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyevə verdi. Çıxış üçün söz alan hüquq elmləri doktoru, professor İsaxan Vəliyev keçirilən tədbirin əhəmiyyətindən danışdı. Natiq çıxışında bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini bildirdi.
Tədbir zamanı Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasının katibi Elman Dadaşov 2016-cı ilin altı ayı ərzində bu istiqamətdə görülən işlər barədə məruzə ilə çıxış etdi.
Daha sonra tədbirdə ekspert qismində iştirak edən Azərbaycan Respublikası DİN Polis Akademiyasının “Daxili İşlər orqanlarında inzibati fəaliyyət” kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru, polis polkovnik-leytenantı Rafiq Nəcəfquliyev və Respublika Narkoloji Mərkəzinin həkimi Asif Kəngərli narkomaniyanın törətdiyi bəlalardan bəhs etdilər.
Sonda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov respublika əhalisi və xüsusi ilə gənclər üçün böyük təhlükə mənbəyi olan “ağ ölümə” qarşı həyata keçirilən genişmiqyaslı maarifləndirmə tədbirlərinin Binəqədi rayonunda da daimi xarakter daşıdığını qeyd etdi. Natiq eyni zamanda vurğuladı ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasına rayonun hüquq-mühafizə orqanlarının, Rayon Gənclər və İdman İdarəsinin rəhbərləri, ictimaiyyət nümayəndələri daxil edilib. Təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Komissiyada mütəmadi olaraq narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı rayonda görülən işlər müzakirə olunur, hüquq-mühafizə orqanları tərəfindən qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin ləğv olunması həyata keçirilir, məktəblilər, yeniyetmələr, şagird və tələbələr arasında maarifləndirmə işlərinə xüsusi fikir verilir.
Tədbirdə yekdilliklə bildirildi ki, narkomaniyaya qarşı cəmiyyətin bütün üzvləri mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə tədbirləri mütəmadi xarakter almalıdır.