Rəsulzadə bələdiyyəsi tərəfindən "Birgə Yaradaq" layihəsi çərçivəsində “Yaradıcı əllər” adlı layihəyə start verildi
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və Rəsulzadə bələdiyyəsinin təşkilatçılığı ilə qəsəbənin yeniyetmə və gəncləri üçün master-klas təşkil edildi. 13 iyul 2016-cı il tarixdən "Birgə Yaradaq" layihəsi çərçivəsində keçirilən “Yaradıcı əllər” adlı layihəyə start verildi.
Layihənin açılış günündə Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov çıxış edərək bildirdi ki, bu layihə bələdiyyənin 2016-cı il Fəaliyyət Planına uyğun olaraq həyata keçirilir. Məqsədimiz gənc nəslin peşə seçiminin istiqamətləndirilməsi, yaradıcı sənət növlərinin əxz edilməsi, həmçinin gənclərin asudə vaxtının səmərəli təşkilidir. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov bu layihənin bələdiyyə-sakin, bələdiyyə-vətəndaş münasibətlərini daha da möhkəmləndirəcəyini vurğuladı və layihə iştirakçılarına uğurlar arzuladı.
Sonra master-classı aparacaq peşəkar mütəxəssis, bu sahədə böyük təcrübəsi olan, bir sıra sərgilərin iştirakçısı, eləcə də Rəsulzadə qəsəbəsinin sakini Bəyim Məmmədovaya söz verildi. Bəyim Məmmədova vurğuladı ki, bələdiyyə tərəfindən qəsəbə gənclərinin inkişafına yönələn belə bir təşəbbüs təqdirəlayiqdir. Bu layihə gənc istedadların üzə çıxarılması və yaradıcılıq potensiallarının artırılmasına xidmət edəcəkdir.
Rəsmi hissədən sonra yeniyetmələrlə master-classa start verildi.
Layihə çərçivəsində iştirakçılar lentlə, xırda muncuqlarla güllərin hazırlanmasını, eləcə də milçə ilə toxumanı öyrənəcəklər. Master-klas qəsəbə yeniyetmə və gənclərini əhatə etməklə bir ay müddətində davam edəcəkdir.
Növbəti təlimin 15 iyul 2016-cı il tarixində keçirilməsi nəzərdə tutulub.