29 iyul 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının qərargahında bu ilin 26 sentyabr tarixində keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə bağlı yığıncaq keçirildi.
Yığıncaqda Binəqədi rayonunda referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və YAP-ın “Yeni Azərbaycan” təşəbbüs qrupunda təmsil olunacaq nümayəndələrin seçilməsi ilə bağlı məsələlər gündəliyə qoyularaq müzakirə olundu.
Yığıncağı giriş nitqi ilə açan YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncamının ölkəmiz üçün mühüm əhəmiyyətindən danışaraq bildirdi ki, ölkəmiz müstəqilliyinin 25 ili ərzində sürətlə inkişaf edərək dünya birliyinə müvəffəqiyyətlə inteqrasiya edir, müxtəlif beynəlxalq konvensiyalara qoşulur. Bütün bu dəyişikliklər ölkəmizin əsas qanunu olan Konstitusiyamızda dəyişikliklərin və əlavələrin aparılmasını zəruri edir. Ramiz Göyüşov çıxışında vurğuladı ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər 29 maddəni əhatə etməklə 23-ü dəyişiklikləri, 6-sı isə yeni əlavələri nəzərdə tutur. Dəyişiklik və əlavələrdə insan hüquq və azadlıqlarının qorunması, təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, qanunvericilik və icra hakimiyyətində idarəetmə sisteminin təkmilləşdirilməsi və digər məsələlər öz əksini tapmışdır. Sədr daha sonra referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması barədə ətraflı məlumat verərək bildirdi ki, bugünkü iclasın əsas məqsədlərindən biri də bundan ibarətdir.
Yığıncaqda çıxış edən Milli Məclisin komitə sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov Azərbaycan Respublikası Konstitusiyasına təklif olunan əlavə dəyişikliklərin zamanın diqtəsindən irəli gəldiyini əsaslandırdı və bu barədə ətraflı məlumat verdi. Sonra o, təklif olunan əlavə və dəyişikliklərin respublika əhalisi tərəfindən rəğbətlə qarşılanacağına əmin olduğunu bildirdi.
Milli Məclisin deputatı Kamaləddin Qafarov da çıxışında Prezident cənab İlham Əliyev tərəfindən Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin müasir tələblərdən irəli gəldiyini bildirdi. Bir millət vəkili olaraq həmin əlavə və dəyişiklikləri alqışladığını və dəstəklədiyini qeyd etdi. Kamaləddin Qafarov çıxışını davam etdirərək əmin olduğunu bildirdi ki, təklif olunan əlavə və dəyişikliklər əhalinin əsas kütləsi tərəfindən müsbət qarşılanacaq və referendum günü seçicilər öz dəstəyini verəcəklər.
Yığıncaqda YAP Binəqədi rayon Təşkilatının referendum üzrə ilkin təşəbbüs qrupuuna 72 nəfərdən ibarət üzv və YAP-ın referendum üzrə yaradılacaq “Yeni Azərbaycan” təşəbbüs qrupuna təmsilçilik normaları nəzərə alınmaqla 7 nəfərdən ibarət heyət seçildi.
Yığıncağın sonunda YAP Binəqədi rayon Təşkilatının Şura üzvləri Rəfiqə Budaqova və Gülnarə Həşimova rayon təşkilatının fəaliyyətində fəal iştiraklarına və 70 illik yubileyləri münasibətilə Fəxri Fərmanla təltif edildilər.