Binəqədi rayonunda “Referendum və onun siyasi-hüquqi əhəmiyyəti” mövzusuda maarifləndirici tədbir keçirildi
01 avqust 2016-cı il tarixdə Binəqədi rayon İcra Hakimiyyəti, Binəqədi rayon İcra Hakimiyyəti yanında İctimai Şura və Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Referendum və onun siyasi-hüquqi əhəmiyyəti” mövzusuda maarifləndirici tədbir keçirildi. Tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, ASAN Təlim-Tədris Mərkəzinin müdiri və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Nazənin Hüseynova və rayon ictimaiyyəti iştirak etdilər.Tədbiri giriş nitqi ilə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva açaraq ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi əsasında bu ilin 26 sentyabr tarixində konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin (referendum) keçiriləcəyini bildirdi. O, konstitusiyaya ediləcək əlavə və dəyişiklərlə bağlı referendumun keçirilməsi təşəbbüsünün dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsi olduğunu vurğuladı. Son illər ərzində ölkəmizdə bütün sahələrdə dinamik inkişafın müşahidə olunduğunu və bu səbəbdən qanunvericilik bazasının təkmilləşdirilməsinin mühüm əhəmiyyət daşıdığını söylədi.Tədbirdə çıxış edən YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərin siyasi əhəmiyyətini qeyd edərək bu təşəbbüsün Azərbaycanın növbəti uğurlarına hədəfləndiyini bildirdi. Onun sözlərinə görə cəmiyyət inkişaf etdikcə konstitusiyada əlavələr və dəyişikliklər etmək zərurəti yaranır. Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər 29 maddəni əhatə edir. Bunlardan 23-ü müvafiq maddələrin dəyişiklikləri, 6-sı isə yeni əlavələri nəzərdə tutur. Dəyişiklik və əlavələrdə insan hüquq və azadlıqlarının qorunması, təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, qanunvericilik və icra hakimiyyətində idarəetmə sisteminin təkmilləşdirilməsi və digər məsələlər öz əksini tapmışdır.Binəqədi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev çıxış edərək Azərbaycan cəmiyyətinin daim inkişaf etdiyini və bu inkişafın nəticəsi olaraq cəmiyyətimizdə daha mütərəqqi və təkmilləşdirilmiş qanunların tətbiq edilməsi zərurətinin yarandığını qeyd etdi. Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı referendum aktı layihəsinin yüksək əhəmiyyətini vurğuladı. O. müxtəlif illərdə konstitusiyaya edilən əlavə və dəyişikliklərin xalqımızın dəstəyi ilə qəbul edildiyini və növbəti referendumun da məhz xalqımız tərəfindən yüksək etimadla baş tutacağına əminliyini ifadə etdi.Daha sonra ASAN Təlim-Tədris Mərkəzinin müdiri və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Nazənin Hüseynova konstitusiyanın müvafiq maddələrinin müqayisəli təhlilini apardı. Qeyd edilən bütün əlavə və dəyişikliklərin dövlətimizin və millətimizin inkişafına, daha böyük uğurlar qazanmasına zəmin yaradacağını söylədi. Əlavə və dəyişikliklərin geniş hüquqi təhlini tədbir iştirakçılarının diqqətinə çatdırdı.Tədbir diskussiya şəklində davam etdirildi və iştirakçıları maraqlandıran suallar cavablandırıldı.