Binəqədi rayonunda Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum keçirildi
09 avqust tarixində Binəqədi rayonunda Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum keçirilmişdir.Keçirilən işgüzar forumda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev, rayon sahibkarları və kredit təşkilatlarının rəhbərləri iştirak etmişdirlər. Forumdan öncə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş edilmişdir.Daha sonra forumu açıq elan edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bildirmişdir ki, ölkmizdə gedən dinamik iqtisadi inkişafın təzahürü bütün sahələrdə özünü müsbət şəkildə göstərir. Natiq çıxışında bildirmişdir ki, Binəqədi rayonu ərazisində sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə Apeliyasiya şurası yaradılmış və tərkibi təsdiq edilmişdir. O cümlədən natiq çıxışında bildirmişdir ki, Sahibkarlardan və rayon sakinlərindən daxil olmuş məlumatlara baxılmasının operativliyini təmin etmək məqsədilə RİH başçısı Aparatında 1646 - Sakinlərin Müraciət Xidmətində 012-562-48-32 (544, 533) nömrədə qaynar xətt yaradılmış, bu barədə informasiyanın Rayon İcra Hakimiyyəti Aparatının elektron saytında və facebook səhifəsində yerləşdirilməsi təmin olunmuşdur.Daha sonra çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2016-cı ilin ötən dövrü ərzində ölkə üzrə 1542 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 91,5 milyon manat güzəştli kredit yönəldilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 4600-dan çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1284 investisiya layihəsinin maliyyələşdirilməsinə 326,4 milyon manat güzəştli kredit verilib.İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 20 sahibkarlıq subyektinə 3,2 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, istixana kompleksinin yaradılması, çörək və un məmulatları, plastik məmulatlar istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 170 yeni iş yerinin yaradılmasına imkan verir. Forum çərçivəsində Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində gündəlik istehsal gücü 46,3 ton olan çörək və ildə 180 ton şirniyyat istehsal etmək gücündə olan zavoda və ildə 30 min ton PVC tərkibli yarımfabrikatları istehsal etmək gücündə olan tikinti materialları istehsalı müəssisəsinə baxış keçirilib. Ümumilikdə, son illər tikinti materiallarının istehsalı ilə bağlı yeni texnologiyalara əsaslanan 25 investisiya layihəsinin maliyyələşdirilməsinə 84,4 milyon manat güzəştli kredit verilib. Artıq bu müəssisələrdən 20-i istifadəyə verilib. Bu müəssisələrdə istehsal olunan məhsullar idxalı əvəz etməklə yanaşı, ölkənin sənaye potensialının reallaşdırılmasında mühüm rol oynayacaqdır. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatlar verilib, Binəqədidə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.