Xocəsən bələdiyyəsində yüksək bal toplayan şagirdlərlə görüş keçirildi
15 avqust tarixində Xocəsən bələdiyyəsinin “İctimai-humanitar” sektorunun təşkilatçılığı ilə qəsəbə ərazisində 2016-cı il üzrə ali məktəblərə yüksək bal toplayan şagirdlərlə görüş keçirildi.
Keçirilən görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Xocəsən bələdiyyəsinin sədri Anar Abbasov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlikram Haqverdiyev, yüksək bal toplayan şagirdlər, onların müəllim və valideynləri iştirak etdilər.
İlk öncə tədbiri açıq elan edən Xocəsən bələdiyyəsinin sədri Anar Abbasov şagirdləri salamladı və qəsəbə ərazisində şagirdlərin belə nəticələr göstərmələrini yüksək qiymətləndirdi.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova tədbir iştirakçılarını rayon rəhbərliyi adından salamladı, təhsildə yüksək nəticə göstərən şagirdləri, onların müəllim və valideynlərini təbrik etdi. Natiq çıxışında bildirdi ki, bu gün ölkə rəhbərliyinin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı əldə olunan nəticələrin təzahüründə özünü müsbət şəkildə göstərir.
Sonra çıxış edən şagirdlər, onların valideynləri, müəllimləri öz sevinclərini bölüşdülər və tədbir üçün təşəkkürlərini bildirdilər.
Tədbirin sonunda şagirdlərə Xocəsən bələdiyyəsi tərəfindən təhsildə əldə etdikləri uğurlara görə təşəkkürnamələr təqdim edildi.