Binəqədi birinci Seçki Dairəsində seçki hüququ üzrə ixtisaslaşdırılmış treninq keçirildi
22 avqust 2016-cı il tarixində 8 saylı Binəqədi birinci Seçki Dairəsində Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış treninq keçirildi.
Treninqdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov Seçki Məcəlləsinin 35.2-ci, 46.4-cü, 46.5-ci, 46.15-ci, 87.6-cı və 98.1-ci maddələrinə əsasən yerli icra hakimiyyəti orqanlarının üzərinə düşən səlahiyyətlər barədə məntəqə seçki komissiyaların sədrlərinə məlumat verdi. O çıxışında seçici siyahıları ilə işin aparılması, referendumqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və s. bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması barədə ətraflı məlumat verdi.
Daha sonra məntəqə seçki komissiyalarının sədrlərinin sualları cavablandırıldı.