Binəqədi rayonunda referendumqabağı vəziyyət müzakirə edildi
Avqustun 30-da Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında 26 sentyabr 2016-cı il tarixdə ölkə Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı baş tutacaq referenduma hazırlıq məqsədilə geniş tərkibdə iclas keçirildi.
İclasda giriş nitqi ilə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri, “Yeni Azərbaycan” təşviqat qrupunun Binəqədi rayon şöbəsi üzrə qərargahın sədri Ramiz Göyüşov Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər barədə məlumat verdi. Ramiz Göyüşov rayon təşkilatı tərəfindən referendumqabağı görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verdi. İclasda təbliğat-təşviqat kampaniyası dövründə “Yeni Azərbaycan” təşviqat qrupu tərəfindən seçicilərlə keçiriləcək görüşlərin qrafiki və təşviqat qrupunda iştirak edəcək məsul şəxslərin siyahısı tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Daha sonra Ramiz Göyüşov seçicilərlə görüşlərin və təşviqat kampaniyası tədbirlərinin yüksək səviyyədə keçirilməsi ilə əlaqədar qarşıda duran vəzifələrdən danışdı. Rayon təşkilatının sədri rayonda seçkiyə hazırlıq mərhələsini yüksək qiymətləndirərək seçki prosesinin hər bir vətəndaş üçün yüksək əhəmiyyət daşıdığını qeyd etdi. Dünyada baş verən dəyişikliklər və ölkəmizin müxtəlif sahələrdə qazandığı yüksək inkişaf göstəricilərinin bu dəyişiklikləri zəruri etdiyini vurğuladı.
İclasda çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov rayon ərazisində aparılan abadlıq-quruculuq işləri barədə geniş məlumat verdi. Rayonun Azadlıq prospekti istiqamətində yol qovşağının əsaslı təmir edildiyini, yol kənarlarının abadlaşdırıldığını vurğuladı. O, cari ildə görülən digər təmir-tikinti, abadlıq-quruculuq işləri barədə də ətraflı məlumat verərək bu işlərin davam etdirildiyini söylədi. Sakinlərin daha rahat yaşaması və problemlərinin qısa zamanda həll olunması üçün dövlət tərəfindən hər cür şəraitin yaradıldığını və Binəqədi rayonunda bütün fəaliyyətin ölkə prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun şəkildə qurulduğunu diqqətə çatdırdı.
Milli Məclisin deputatı Kamaləddin Qafarov isə çıxışında son illər ölkəmizdə həyata keçirilən uğurlu siyasətdən bəhs etdi. Ötən bütün seçkilərdə olduğu kimi bu il keçiriləcək referendumda da YAP-ın parlaq qələbə qazanacağına əminliyini bildirdi. Bütün sakinləri seçkilərdə fəal olmağa çağırdı.
İclasın sonunda Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının Binəqədi rayon şöbəsinin sədri, polkovnik Telman Hətəmov rayonun ictimai-siyasi həyatında fəal iştirakı və 70 illik yubileyi münasibətilə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif edildi.