Binəqədi rayonunda aprel döyüşlərində şəhid olmuş hərbi qulluqçuların məzarları ziyarət olundu
31 avqust 2016-cı il tarixdə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Binəqədi rayon sakini, cüdo üzrə Azərbaycan milli komandasının üzvü Rüstəm Orucov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov və bir qrup gənclər aprel döyüşlərində qoşunların təmas xəttində şəhid olmuş Azərbaycan Ordusunun əsgərləri Fəxrəddin Qurbanlı və Emin Bağırovun məzarlarını ziyarət edərək onların xatirəsinə dərin ehtiramlarını bildirdilər.
Daha sonra Rüstəm Orucov, Qüdsi Bayramov, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva, Binəqədi qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndə Elxan Əliyev və gənclər şəhidlərin ailələrini ziyarət ediblər. Görüş zamanı Rüstəm Orucov qeyd edib ki, aprel döyüşləri ərzində idman yarışında iştirakı ilə əlaqədar ölkədə olmadığına görə şəhidlərimizin dəfn mərasimində iştirak edə və onların ailələrinə başsağlığı verə bilməmişdir. Ona görə də Olimpiya Oyunlarından qayıtdıqdan sonra şəhidlərin məzarını ziyarət edib. Vətən yolunda canından keçən Azərbaycan övladlarının xatirəsinin hər zaman xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayan Rüstəm Orucov və digərləri şəhidlərimizin həyat yolunun bu gün hər bir gəncə örnək olduğunu nəzərə çatdırıblar.
Şəhidlərin valideynləri göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.