Binəqədi rayonunda ümumxalq səsverməsinin (referendum) təbliğat-təşviqat kampaniyasına start verildi
3 sentyabr tarixində saat 00.00-da Azərbaycan Respublikası Seçki Məcəlləsinə uyğun olaraq 26 sentyabr 2016-cı il tarixdə ölkə Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin (referendum) təbliğat-təşviqat kampaniyasına start verildi.
Yeni Azərbaycan Partiyası tərəfindən yaradılan “Yeni Azərbaycan” təşviqat qrupunun Binəqədi rayon şöbəsi təbliğat-təşviqat kampaniyasına fəal şəkildə qoşuldu. Belə ki, YAP Binəqədi rayon Təşkilatının gənc fəallarından və könüllülərindən ibarət heyət kampaniyaya start verildiyi andan təşviqat qrupunun seçki materiallarını yaymağa başladılar. Onlar Binəqədi rayonu ərazisində fəaliyyət göstərən məntəqə seçki komissiyalarına gələrək “Yeni Azərbaycan” təşviqat qrupunun “Həmrəy olaq, Hə deyək” şüarı ilə bəzədilmiş təşviqat materiallarını müvafiq təbliğat lövhələrindən asdılar.
“Yeni Azərbaycan” təşviqat qrupunun Binəqədi rayon şöbəsi seçkidə daha fəal və məqsədyönlü fəaliyyət üçün müvafiq İş Planı təsdiq edib və kampaniya çərçivəsində seçicilərlə müvafiq qanunvericiliyə uyğun tədbirlər həyata keçirəcək.
Binəqədi rayonu ərazisində 3 müstəqil – 8 saylı Binəqədi I, 9 saylı Binəqədi II, 10 saylı Binəqədi III seçki dairəsi və 1 müştərək – 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi və həmin seçki dairələri üzrə ümumilikdə 115 daimi və 3 müvəqqəti məntəqə seçki komissiyaları fəaliyyət göstərir.