8 saylı Binəqədi I Seçki Dairəsində maarifləndirici treninqlərə başlanılıb
6 sentyabr 2016-cı il tarixdən etibarən Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunan “Təqvim Planı”na uyğun olaraq 8 saylı Binəqədi I Seçki Dairəsində məntəqə seçki komissiyalarının üzvlərinin iştirakı ilə 4 günlük treninqlərə başlanılıb.
Maarifləndirmə xarakteri daşıyan bu kurslar DSK və MnSK-ların üzvlərinin hazırlığının artırılması, seçki sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin təkmilləşdirilməsində mühüm rol oynayacaqdır.
Treninqi giriş nitqi ilə açan 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasının sədri Natiq Əliyev bu ilin 26 sentyabr tarixində ölkə Konstitusiyasına ediləcək əlavə və dəyişiklərlə bağlı keçiriləcək ümumxalq səsverməsi (referendum) haqqında ətraflı məlumat verdi. Seçki Məcəlləsində referendumla bağlı nəzərdə tutulan bir sıra məsələlərə diqqət yönəltdi. Daha sonra 8 saylı Binəqədi I Seçki Dairəsində seçkiyə hazırlıqla bağlı görülən işlərdən və qarşıda duran vəzifələrdən bəhs etdi. Bildirdi ki, 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə hal-hazırda 39 seçki məntəqəsi mövcuddur. Seçki qanunvericiliyinə əsasən, səsvermə gününə azı 5 gün qalmış seçki dairəsinin ərazisində yerləşən 11 saylı Cəzaçəkmə müəsissəsində bir seçki məntəqəsinin də yaradılması nəzərdə tutulub. Hal-hazırda seçki dairəsi üzrə 47290 seçici var. Seçicilərin rahat, maneəsiz seçki məntəqələrinə gəlib səsverməsi məqsədilə bütün seçki məntəqələri təmir olunaraq, səsverməyə hazır vəziyyətə gətirilib. Eyni zamanda, Mərkəzi Seçki Komissiyası tərəfindən seçki məntəqələri seçkiyə aid olan bütün zəruri əşyalarla təchiz olunub, Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən bütün seçki məntəqələrinə seçici siyahılarının asılması üçün müasir standartlara cavab verən lövhələr verilib. Dairə ərazisində referendum üzrə təşviqat qruplarının təbliğat və təşviqatı üçün münbit şərait yaradılıb.
Treninqdə çıxış edən 8 saylı Binəqədi I Seçki Dairəsinin dairə seçki komissiyasının katibi Məhəmməd Əliyarov qeydə alınan müşahidəçilər haqqında məlumat verdi. Vurğuladı ki, seçkilərin gedişatını izləmək üçün 120 nəfəri qeydə alınmış təşviqat qruplarının, digərləri isə öz təşəbbüsü əsasında olmaqla, ümumilikdə dairə seçki komissiyası tərəfindən 404 nəfər müşahidəçi qeydə alınıb. Məhəmməd Əliyarov daşınan seçki qutusu, səsvermə prosesi, səslərin hesablanmasına, hesablama prosesinin mərhələləri, səslərin hesablanması və səsvermənin nəticələri haqqında protokolun doldurulmasının izahı, xüsusi trafaretdən istifadə qaydası, seçki məntəqəsinin bağlanması, mühafizə məsələləri və s. haqqında təlim-treninqdə çıxış edib.
Treninqdə həmçinin 8 saylı Binəqədi I Seçki Dairəsinin dairə seçki komissiyasının katibi Faiq Əliyev çıxış edərək seçki məntəqəsinin açılması, komissiya üzvləri arasında vəzifə bölgüsünün aparılması, referendum materiallarının və avadanlıqlarının hazırlanması, səsvermə prosesi, seçicilərin səsvermədə iştirakının monitorinqi, səsvermə prosesində müstəsna hallar haqqında məlumat verdi.
Treninqlər sentyabrın 8 və 9-u tarixlərində də davam etdiriləcək.