“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Binəqədi rayon şöbəsi seçicilərlə görüşlərinə start verdi
8 sentyabr 2016-cı il tarixdə “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Binəqədi rayon şöbəsi seçicilərlə görüşlərinə start verdi.
Görüşdə millət vəkili, Milli Məclisin Aqrar Siyasət daimi Komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü, “Yeni Azərbaycan” təşviqat qrupunun üzvü Eldar İbrahimov, millət vəkili, “Yeni Azərbaycan” təşviqat qrupunun üzvü Kamaləddin Qafarov, YAP Binəqədi rayon Təşkilatının sədri, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov, partiya fəalları, Binəqədi rayonu 1 və 2 saylı sahə inzibati ərazi dairələri üzrə seçicilər iştirak etdilər.
Görüşü giriş nitqi ilə açan Ramiz Göyüşov seçiciləri salamlayaraq, 26 sentyabr tarixində ölkə Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin keçiriləcəyini vurğuladı. Prezident cənab İlham Əliyevin məqsədyönlü siyasi strategiyası nəticəsində əldə olunan uğurlardan bəhs etdi. Ölkəmizin bütün sahələrdə dinamik inkişafı fonunda əsas qanunvericilik bazası olan ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsinin vacibliyini önə çəkdi. Ramiz Göyüşov həmçinin YAP tərəfindən referendumöncəsi görülən işlərdən danışaraq, partiya tərəfindən yaradılan “Yeni Azərbaycan” təşviqat qrupunun seçicilərlə mütəmadi görüşlər keçirəcəyini vurğuladı. Azərbaycan vətəndaşlarının yüksək iradəsi və səsverməsi ilə əlavə və dəyişikliklərin qəbul olunacağına və ötən bütün seçkilərdə olduğu kimi referendumda da seçicilərin Prezident cənab İlham Əliyevin təşəbbüsünü dəstəkləycəklərinə əminliyini ifadə etdi.
Görüşdə çıxış edən millət vəkili Eldar İbrahimov Konstitusiyaya əlavə və dəyişikliklərin ümumilikdə 29 maddəyə aid edildiyini, onlardan 23-ün dəyişiklik, 6-ın əlavə olduğunu bildirdi. Əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulan maddələrin hər biri haqqında ətraflı izahat verərək, bunun vətəndaşlarımızın mövqeyinin daha da möhkəmlənməsinə şərait yaradacağını qeyd etdi. Xüsusilə insan hüquq və azadlıqlarının daha da möhkəmləndirilməsi, vətəndaşlarımıza layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədilə 15 maddəyə dəyişikliklərin nəzərdə tutulduğunu bildirdi. Eldar İbrahimov vitse-prezidentlik institunun yaradılması, prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, bir neçə maddədə yaş məhdudiyyətinin aradan götürülməsi, mülkiyyət hüququ və s. maddələr haqqında geniş məlumat verdi. Görülən bütün işlərin, həyata keçirilən islahatların ölkə vətəndaşlarının maraqlarına xidmət etdiyini bildirdi.
Görüşdə çıxış edən millət vəkili Kamaləddin Qafarov müqayisəli təhlil apararaq son 10 il ərzində ölkəmizdə görülən işlərdən, yaradılan infrastruktur layihələrindən, insanlarımızın həyat şəraitinin daha da yaxşılaşdırılması üçün dövlət tərəfindən görülən çoxsaylı islahatlardan bəhs etdi. Konstitusiyaya ediləcək əlavə və dəyişiklikləri vətəndaşların həyat şəraitinin bundan sonra da ən yüksək səviyyədə qurulması məqsədilə atılan mühüm addım kimi qiymətləndirdi. Kamaləddin Qafarov bütün seçiciləri 26 sentyabrda keçiriləcək referenduma gələrək səs verməyə çağırdı.
Görüşün sonunda seçicilərin sualları cavalandırıldı. Çıxış edən seçicilər dövlət başçısını dəstəklədiklərini və onun bütün siyasi addımlarını dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə xidmət etdiyini bildirdilər. Onlar referendumda fəal iştirak edəcəklərini vurğuladılar.