“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Binəqədi rayon şöbəsi 9 mikrorayonda yaşayan seçicilərlə görüş keçirdi
15 sentyabr 2016-cı il tarixində “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Binəqədi rayon şöbəsi Binəqədi rayonu, 9 mikrorayon, Hməzə Babaşov 5 ünvanında yerləşən mədəni-kütləvi tədbirlər evində seçicilərlə görüş keçirdi.
Görüşdə Milli Məclisin Aqrar Məsələlər daimi Komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov, Binəqədi rayon təşkilatının sədri, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Binəqədi rayon şöbəsinin rəhbəri Ramiz Göyüşov, partiya fəalları və seçicilər iştirak etdilər.
Görüşü giriş nitqi ilə açan Ramiz Göyüşov 1991-ci ildə müstəqillik qazanmış ölkəmizin bu günədək uzun və şərəfli yol keçdiyini və ötən müddət ərzində çoxsaylı nailiyyətlər əldə etdiyini bildirdi. Dahi şəxsiyyət Heydər Əliyevin siyasi xəttinin uğurlu nəticələrindən biri kimi dövlətimizin və cəmiyyətimizin daim inkişaf etdiyini, Konstitusiya islahatlarının bu uğurların bariz nümunəsi olduğunu vurğuladı. 2002, 2009-cu illərdə ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edildiyini və bütün islahatların milli maraqların təminatına hesablandığını söylədi. Bu ilin 26 sentyabr tarixində ölkə Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin dövlət təhlükəsizliyinin möhkəmləndirilməsi, dövlət və bələdiyyə qulluqçularının vəzifə məsuliyyətlərinin artırılması, insanların hüquq və azadlıqlarının, ləyaqətinin qorunması istiqamətində mühüm addım olduğunu qeyd etdi.
Görüşdə çıxış edən Eldar İbrahimov 1993-cü ildə siyasi hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın tarixindəki əvəzsiz xidmətlərindən danışdı. 1994-cü ildə atəşkəsin, həmin ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalandığını və 1995-ci ilin 12 noyabrında ölkə Konstitusiyasının qəbul ediliyini bildirdi. Dahi şəxsiyyətin dövləti və milləti qarşısındakı xidmətlərinin misilsiz olduğunu söyləyərək, onun əsasını qoyduğu uğurlu siyasətin bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Eldar İbrahimov bu ilin 26 sentyabrında keçiriləcək referendumla bağlı ətraflı izahat verərək, əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulan maddələr ətrafında fikirlərini bölüşdü. Vitse prezidentlik institunun yaradılması, prezidentlik müddətinn 7 ilədək qaldırılması, xüsusi mülkiyyətdən səmərəli istifadə, sahibkarların, eləcə də ölkə vətəndaşlarının hüquq və azadlıqlarının daha möhkəm qorunması məqsədilə nəzərdə tutulan islahatlardan danışdı. Bütün bunların əsaslandırılmış izahatını verərək dövlətçilyimizin daha da möhkəmləndirilməsinə xidmət etdiyini bildirdi.
Görüşdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitunun şöbə müdiri, alim Yusif Alıyev çıxış edərək son illər ərzində ölkəmizin bütün sahələr üzrə əldə etdiyi uğurlardan danışdı. Bu uğurları müdrik və düşünülmüş siyasi strategiyanın nəticəsi adlandırdı. O, referenduma çıxarılan bir sıra məsələlər-silahlı qüvvələrin daha da möhkəmləndirilməsini, vitse prezidentlik institunun təsis edilməsini dövlətin idarə üsulunun daha da təhlükəsiz əsaslarla qurulmasına şərait yaradacağını söylədi. Görüşdə çıxış edən sahibkar Arzuman Abdulkərimov da dövlət tərəfindən sahibkarlara göstərilən diqqət və qayğıdan bəhs etdi. Sahibkarların daha rahat fəaliyyət göstərmələri üçün prezident cənab İlham Əliyev tərəfindən imzalanan çoxsaylı dövlət proqramlarının, fərman və sərəncamlardan danışdı. O, istifadəsiz torpaq sahələrindən səmərəli istifadə məqsədilə ölkə Konstitusiyasına xüsusi mülkiyyətin sosial öhdəliyə səbəb olması ilə əlaqədar təklif edilən əlavəni dəstəklədiyini bildirdi.
Görüşdə seçiciləri maraqlandıran suallar cavablandırıldı.