Binəqədi rayonunda “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Biləcəri qəsəbə seçiciləri ilə növbəti görüşü keçirildi
20 sentyabr 2016-cı il tarixdə “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydiyyatda olan seçicilərlə görüşü keçirildi.
Görüşdə Milli Məclisin deputatı Kamaləddin Qafarov, YAP Binəqədi rayon təşkilatının və “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov, Binəqədi rayon Ziyalılar Cəmiyyətinin sədri Asəf Zamanov, YAP fəalları və seçicilər iştirak etdilər.
Görüşü giriş nitqi ilə açan Ramiz Göyüşov bu ilin 26 sentyabr tarixində ölkəmizin həyatında mühüm ictimai-siyasi hadisə olan ümumxalq səsverməsinin keçiriləcəyini bildirdi. Sədr müstəqil Azərbaycanın ilk Konstitusiyasının 1995-ci ilin 12 noyabrında məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü, rəhbərliyi və xalqın dəstəyi ilə qəbul edildiyini qeyd etdi. Həmin vaxtdan ötən müddət ərzində ölkəmizdə 2002 və 2009-cu illərdə 2 dəfə Konstitusiyaya əlavə və dəyişikliklərin edildiyini söylədi. Bu dəfəki ümumxalq səsverməsində isə Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə 6-sı əlavə, 23-ü dəyişiklik olmaqla ümumilikdə 29 maddə səsverməyə çıxarılacaq. Ramiz Göyüşov təklif edilən əlavə və dəyişikliklər haqqında ətraflı danışaraq bunun dövlətimizin və xalqımızın gələcək inkişafına hesablandığını və mövcud inkişafla tam uyğunlaşdığını vurğuladı. Ölkədaxili, dövlətlərarası münasibətlərin inkişafının, yeni mülkiyyət, yeni ünsiyyət formalarının yaranmasının nəticəsi olaraq Konstitusiya islahatlarına zərurət yarandığını bildirdi. Ramiz Göyüşov həmçinin çıxışında ölkəmizdə və Binəqədi rayonunda görülən işlər, aparılan islahatlar barədə geniş söhbət açdı.
Görüşdə Kamaləddin Qafarov çıxış edərək dövlətimizin və cəmiyyətimizin daha da inkişaf etməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması baxımından Konstitusiya islahatlarının mühüm əhəmiyyət daşıdığını bildirdi. Bu islahatlar ilə yaş məhdudiyyətinin aradan qaldırılmasını, qeyri-neft sektoru olan kənd təsərrüfatının inkişafı və genişləndirilməsi məqsədilə torpaq üzərində mülkiyyət hüququnun tənzimlənməsi və digər maddələr ətrafında fikirlərini bölüşdü. Konstitusiya islahatlarının sosial sifarişdən yarandığını bildirərək bütün Biləcəri seçicilərini 26 sentyabrda referenduma gələrək irəli sürülən təklifləri dəstəkləməyə çağırdı.
Asəf Zamanov çıxışında dünya təcrübəsinə istinad edərək bir çox dünya ölkələrinin Konstitusiyasına əlavə və dəyişikliklərin edildiyini söylədi. Hətta 230 illik tarixi olan ABŞ Konstitusiyasına 27 dəfə əlavə və dəyişikliklər edilib. Təbii ki, Konstitusiya islahatları demokratiyanın inkişafına, insanların hüquq və azadlıqlarının təminatına xidmət edir. Deputatların, dövlət və bələdiyyə qulluqçularının səlahiyyətlərini daha səmərəli və məqsədyönlü icra etmələri üçün onların vəzifə məsuliyyətlərinin artırılmasını, dövlətin idarəçilik sisteminin daha da möhkəmləndirilməsi məqsədilə vitse prezidentlik üsul idarəsinin yaradılmasını mühüm addım kimi qiymətləndirdi.
Görüşdə çıxış edən seçicilər Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşdiklərini, onun bütün siyasi fəaliyyətini dəstəklədiklərini və referenduma gedərək təklif edilən əlavə və dəyişikliklərə səs verəcəklərini bildirdi.