Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Vətəndaş cəmiyyəti” referendum üzrə təşviqat qrupunun seçicilərlə görüşü keçirildi

21 sentyabr 2016 | 11:00

21 sentyabr 2016-cı il tarixində “Vətəndaş cəmiyyəti” referendum üzrə təşviqat qrupunun Binəqədi seçiciləri ilə görüşü keçirildi.
Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının və “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun sədri Ramiz Göyüşov, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyininin sədri Emin Həsənli, Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Nərgiz Eyvazova, YAP fəalları, qeyri-hökümət təşkilatlarının rəhbərləri və nümayəndələri, seçicilər iştirak etdilər.
Görüşü Ramiz Göyüşov giriş nitqi ilə açaraq referendumöncəsi həyata keçirilən tədbirlər haqqında məlumat verdi. Referendumun təbliğat-təşviqat kampaniyası çərçivəsində yaradılan təşviqat qrupularının fəaliyyətindən bəhs etdi. Təşviqat qruplarının təbliğatın uğurla aparılması, əhalinin maarifləndirilməsi, seçicilərə Konstitusiya islahatlarının əhəmiyyətinin çatdırılması istiqamətində gördüyü işlərdən danışdı. Bildirdi ki, bütün vətəndaşlar, seçicilər Konstitusiya islahatlarının dövlətimizin və millətimizin gələcək inkişaf hədəflərinə istiqamətləndiyini anlamalı və dövlətin ictimai-siyasi həyatında mühüm rolu olan referendumda fəal iştirak etməlidirlər. Referendum vətəndaşlarımıza əlavə hüquq və azadlıqların verilməsi, onların mövcud hüquqlarının daha da möhkəmləndirilməsi istiqamətində mühüm addımdır. Sədr dövlətin və cəmiyyətin inkişaf dinamikasına uyğun olaraq Konstitusiyaya əlavə və dyişikliklər edilməsinin vacibliyini vurğuladı.
Görüşdə çıxış edən Davud Rəhimli 1995-ci ilin 12 noyabrında ölkənin ilk Konstitusiyasının yaranmasından ötən müddət ərzində 2002 və 2009-cu illərdə həyata keçirilən Konstitusiya islahatlarından danışdı. Bütün dövlərdə bunun xalqın istək və arzusundan doğduğunu, bu dəfəki islahatların da məhz cəmiyyətdən gələn bir sifariş olduğunu bildirdi. Bu islahatları üç istiqamətdə təhlil etdi. Bunların icra strukturlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının möhkəmləndirilməsi və terminoloji əlavə və dəyişiklikləri əhatə etdiyini söylədi. Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərdə dövlət hakimiyyətinin məsuliyyətinin artırılması, idarəçilik mexanizminin möhkəmləndirilməsi və s. kimi mühüm məsələlərin yer aldığını diqqətə çatdırdı.
Görüşdə çıxış edən Nərgiz Eyvazova ölkəmizdə həyata keçirilən gənclər siyasətindən və gənclərimizin inkişafına yönəlmiş mühüm dövlət proqramlarının həyata keçirilməsindən danışdı. Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərdə gənclərin hüquqlarının artırılmasının prioritet olduğunu qeyd etdi. Xüsusilə Konstutusiyada yaş məhdudiyyətinin aradan qaldırılmasının bunun bariz nümunəsi olduğunu və gənclərimizin gələcək inkişafına təkan verəcəyini nəzərə çatdırdı.
Görüşdə geniş nitq söyləyən Emin Həsənli ulu öndər Heydər Əliyevin tarixi çıxışlarına istinad edərək Azərbaycanın dövlətçilik tarixini 3 dövrdə təhlil etdi. Belə ki, 1989-1990-cı illəri böhran, məhvolma, 1993-1995-ci illəri müstəqilliyimizin möhkəmləndirilməsi, 1995-ci ildən hazırkı dövrü isə sabitliyin, inkişafın, tərəqqinin bərqərar dövrü kimi xarakterizə etdi. Ölkə prezidenti cənab İlham Əliyevin uğurlu siyasi strategiyası nəticəsində bütün sahələrdə əldə edilən uğurlardan danışaraq bu uğurların bütün dünyaya nümunə olduğunu bildirdi. Emin Həsənli çıxışında Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər ətrafında geniş izahatlar verdi. Torpaq üzərində xüsusi mülkiyyət hüququnun məhdudlaşdırılmasının kənd təsərrüfatının inkişaf etdirilməsinə, ölkəmizin ixrac potensialının artırılmasına səbəb olacağını söylədi. Prezidentə Milli Məclisi buraxmaq səlahiyyətinin verilməsini mühüm addım kimi qiymətləndirərək, bundan dünya təcrübəsində uğurla istifadə edildiyini vurğuladı.
Görüş diskussiya şəklində davam etdirildi.


 

Keçidlər