Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Binəqədi rayon təşkilatında “Gənclik dini radikalizm və ekstremizmə yox deyir” adlı layihənin bağlanış tədbiri keçirildi

29 sentyabr 2016 | 11:00

29 sentyabr 2016-cı il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında YAP Binəqədi rayon təşkilatı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Binəqədi Rayon Gənclər və İdma İdarəsinin birgə təşkilatçılığı ilə rayon təşkilatının təlimatçısı Natiq İsmayılovun Azərbaycan Prezidenti yanında Gənclər Fondunun VIII qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş, “Gənclik dini radikalizm və ekstremizmə yox deyir” adlı layihənin bağlanış tədbiri keçirildi.
Tədbiri giriş nitqi ilə açan layihə rəhbəri Natiq İsmayılov Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən bəhs etdi. Məhz bunun bariz nümunəsi kimi Gənclər Fondunun gənclərin layihələrinə hər zaman dəstək verdiyini, gənclərin ideyalarının reallaşdırıldığını söylədi. Bu cür layihələrin gənclərin fəallığının daha da artırılmasına və gənclər arasında sağlam ünsiyyətin yaranmasına səbəb olduğunu bildirdi. “Gənclik dini radikalizm və ekstremizmə yox deyir” adlı layihənin əhəmiyyətindən danışaraq, layihə çərçivəsində görülən işləri diqqətə çatdırdı.
Tədbirdə geniş nitq söyləyən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Azərbaycanda dini tolerantlığın, multikulturalizm dəyərlərinin daim qorunduğunu, inkişaf etdirildiyini və bu istiqamətdə dövlət tərəfindən bir sıra mühüm tədbirlərin görüldüyünü bildirdi. Dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasətin tərkib hissəsi olaraq ölkəmizdə yaşayan bütün xalqların nümayəndələrinə bərabər hüquqların verildiyini, onların azad, demokratik şəraitdə mehriban bir ailə kimi yaşadıqlarını söylədi. Həmçinin ölkəmizdə dini radikalizmlə mübarizədə ciddi islahatların həyata keçirildiyini, bu istiqamətdə maarifləndirici tədbirlərin önəmini vurğuladı.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin məsul əməkdaşı Novruz Nuriyev təmsil etdiyi qurum tərəfindən dini radikalizm və ekstremizmə qarşı görülən işlərdən, gənclərin bu zərərli təriqətlərə qoşulmaması üçün həyata keçirilən çoxsaylı maarifləndirici tədbirlərdən bəhs etdi. Bu cür tədbirlərin ölkə ictimaiyyətinin, xüsusilə gənclərin dini biliklərinin daha da təkmilləşməsinə təkan verəcəyini söylədi. O, komitə tərəfindən ölkədaxili dini sabitliyin davam etdirilməsi, insanların öz dini inanclarını daim rahat və sərbəst həyata keçirmələri üçün tədbirlərin davam etdiriləcəyini diqqətə çatdırdı.
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov çıxışında vurğuladı ki, Binəqədi rayonunda gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların pis vərdişlərdən uzaq durması, öz bilik və bacarıqlarını daim artırması istiqamətində mühüm tədbirlərin, layihələrin reallaşdırıldığını söylədi. “Gənclik dini radikalizm və ekstremizmə yox deyir” adlı layihənin də bu baxımdan mühüm əhəmiyyət kəsb etdiyini söylədi.
Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov çıxış edərək ölkəmizdə müxtəlif dinlərə itaət edən vətəndaşlara münasibətin, onların qarşılıqlı inam, hörmət və səmimiyyət şəraitində birgə yaşamasının örnək olduğunu bildirdi. Azərbaycandakı mövcud tolerant mühitin dünyanın diqqət mərkəzində olduğunu və bunu ən mötəbər beynəlxalq təşkilatlarının humanitar, multikulturalizmlə bağlı tədbirlərinin ölkəmizdə keçirilməsinin əyani sübut etdiyini qeyd etdi.
Tədbirdə layihədə fəal iştirak edən gənclər sertifikatlarla mükafatlandırıldılar.
Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə” sənədli filmi nümayiş etdirildi.

Keçidlər