Erkən nikahlarla bağlı “Mənim hüququm var” adlı maarifləndirici tədbirlər keçirilib
Bu gün cəmiyyətimizdə uşaqların təhsildən yayınması və erkən nikah hallarına cəlb edilməsi xüsusi narahatlıq yaradan məsələlərdəndir. Erkən nikah uşağın gələcək həyatını təhlükə altına qoyur, cəmiyyət üçün sağlam olmayan nəslin yetişməsinə gətirib çıxarır. Erkən nikah hallarının qarşısının alınması sahəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq müxtəlif istiqamətli maarifləndirmə tədbirləri həyata keçirilir.
Bu istiqamətdə işin davamı olaraq, erkən nikahlarla bağlı uşaqların məlumatlandırılması, həmçinin uşaqlarla aktiv müzakirələrin aparılması məqsədilə Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 29 sentyabr 2016-cı il tarixində Binəqədi rayonu 283 saylı tam orta məktəbdə “Mənim hüququm var!” adlı təlim keçirildi.
Təlimlərdə Komitənin Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova və həmin şöbənin əməkdaşları, eləcə də Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Elnur Məmmədov iştirak etdi.
Təlimlər zamanı erkən nikahlarla bağlı təqdimatlar edilib, Komitə tərəfindən mövzu ilə bağlı çəkilmiş sosial çarxlar nümayiş edilib, təqdimatlarda erkən nikahlar və onların fəsadları, bu sahədə mövcud qanunvericilik barədə uşaqlara ətraflı məlumat verilib.
Təlim zamanı uşaqlarla aktiv müzakirələr, qrup işləri aparılıb, həmçinin problemin aradan qaldırılması istiqamətində uşaqların təklifləri dinlənilib.