Binəqədi rayonunda 1 oktyabr - Beynəlxalq Ahıllar Günü qeyd edildi
BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi “Ahılların müdafiəsi ilə bağlı Qətnamə”yə əsasən, 1 oktyabr - Beynəlxalq Ahıllar Günü kimi təsis edilib. Beynəlxalq Ahıllar Günü 1993-cü ildən başlayaraq Azərbaycanda da hər il yüksək səviyyədə qeyd edilir.
Binəqədi rayonunda 1 oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və rayon bələdiyyələrinin təşkilatçılığı ilə rayon ərazisində yaşayan ahıl sakinlər ziyarət edildi.
Təşkil edilən ziyarətdə Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon bələdiyyə sədrləri, bələdiyyələrin “İctimai-humanitar” sektorunun rəhbərləri və 25 saylı şəhər poliknikasının tibb personalı iştirak etdilər.
Ziyarət olunan ahılların evlərində ilk öncə səhər saatlarında bələdiyyələr tərəfindən təmizlik işləri görüldü.
Daha sonra evləri ziyarət edilən ahıllarla birgə çay süfrəsi təşkil edildi, onlara bayram münasibətilə sovqat təqdim edildi, onlar ixtisaslı həkim personalı tərəfindən tibbi müayinə olundular.
Səmimi keçən görüşdə evləri ziyarət olunan Binəqədi rayon bələdiyyəsi ərazisində yaşayan ahıl, professor-müəllim, milyonçu Hacınski nəsilinin nümayəndəsi Məmmədov Əziz Bəşir oğlu, Xocəsən bələdiyyəsi ərazisində yaşayan ahıl İsgəndərova Xədicə Ağalar qızı, Binəqədi qəsəbə bələdiyyəsi ərazisində yaşayan ahıl, Böyük Vətən Müharibəsi veteranının həyat yoldaşı, azsaylı xalqların nümayəndəsi Çiçikova Zeytunya, M.Ə.Rəsulzadə bələdiyyəsi ərazisində yaşayan ahıl Məmmədov Müti İbrahimxəlil oğlu, Biləcəri bələdiyyəsi ərazisində yaşayan ahıl, uzun müddət dövlət qulluqçusu olmuş, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ələkbərova Əminəxanım onlarla təşkil edilən bu görüşün əhəmiyyətindən danışaraq belə bir gündə ziyarət edildikləri üçün sevincli olduqlarını diqqətə çatdırdılar. Ahıl şəxslər işlədikləri illərlə bağlı öz xatirələrini bölüşdü, vətənə, xalqa xidmət etməyin ən şərəfli peşə olduğunu bildirdilər.
Çıxış edən ahıllar Azərbaycanda ahıl insanlara dövlət qayğısının ildən-ilə artığını bildirərək göstərilən diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə etdilər.
Hər bir görüşün sonunda ahıllarla birgə xatirə fotosu çəkdirildi.