Binəqədi rayonunda “Narkomaniyaya Yox Deyək” adlı maarifləndirici tədbir keçirildi
Oktyabrın 20-də Binəqədi rayonu, N.Fərəczadə adına 100№-li tam orta məktəbdə “Narkomaniyaya Yox Deyək” adlı maarifləndirici tədbir keçirildi.
Tədbirdən öncə şagirdlərin narkomaniyanın cəmiyyətə zərərlərini əks etdirən mövzuda çəkdiyi fotolardan ibarət rəsm sərgisi nümayiş olundu.
Tədbiri giriş nitqi ilə açan N.Fərəczadə adına 100№-li tam orta məktəbin direktoru Gülnarə Məmmədova qonaqları salamladıqdan sonra çıxış üçün sözü Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinin rəisi Etibar Balakişiyeva verdi.
Natiq çıxışında bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini bildirdi.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev respublika əhalisi və xüsusi ilə gənclər üçün böyük təhlükə mənbəyi olan “ağ ölümə” qarşı həyata keçirilən genişmiqyaslı maarifləndirmə tədbirlərinin Binəqədi rayonunda da daimi xarakter daşıdığını qeyd etdi. Natiq eyni zamanda vurğuladı ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasına rayonun hüquq-mühafizə orqanlarının, Rayon Gənclər və İdman İdarəsinin rəhbərləri, ictimaiyyət nümayəndələri daxil edilib. Təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Komissiyada mütəmadi olaraq narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı rayonda görülən işlər müzakirə olunur, hüquq-mühafizə orqanları tərəfindən qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin ləğv olunması həyata keçirilir, məktəblilər, yeniyetmələr, şagird və tələbələr arasında maarifləndirmə işlərinə xüsusi fikir verilir. Tədbirdə yekdilliklə bildirildi ki, narkomaniyaya qarşı cəmiyyətin bütün üzvləri mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə tədbirləri mütəmadi xarakter almalıdır.
Çıxışlardan sonra şagirdlər tərəfindən verilən suallar dinlənilərək cavablandırıldı.