13 iyun 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya yeni seçki keçirildi.
13 iyun 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya yeni seçki keçirildi. “İctimai iştirakçılıq haqqında” 22 noyabr 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 6.1 maddəsinə və “İctimai Şuranın Vətəndaş Cəmiyyəti İnstitutları tərəfindən seçilməsinə dair Əsanamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 saylı qərarına əsasən, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 16 may 2022-ci il tarixli 113/a saylı Sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə Komissiya yaradılmışdır.
Rayon İcra Hakimiyyətinin başçısının müavini, seçki komissiyasının sədri Sevinc Süleymanova çıxışında mərkəzi və yerli icra hakimiyyətləri orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurum olan İctimai Şuraların yaradılmasının əhəmiyyətini vurğulayaraq qeyd etdi ki, dövlət qurumları yanında yaradılan İctimai Şuraların əsas məqsədi həmin yerli icra hakimiyyətlərinə dəstək olmaq, yerlərdə olan müraciətləri araşdırmaq, problemin birgə həlli yolunu tapmaqdır. Dövlət qurumlarının fəaliyyətində məhsuldarlığın, eləcə də şəffaflığın və hesabatlılığın artırılmasında İctimai Şuraların səmərəli ictimai nəzarət mexanizminin gücləndirilməsi mütləqdir.
Tədbirin gedişatında Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın ötən iki il ərzindəki fəaliyyəti dövründə hesabat xarakterli məlumatlar dinlənildi. Daha sonra Komissiya üzvlərinin iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərinin gizli səsvermə yolu ilə yeni namizədlərinin irəli sürülməsilə Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın yeni tərkibinin formalaşması baş tutdu. Yeni tərkibdə formalaşmış İctimai Şuranın sədri, sədr müavini, katibi seçildi. Komissiya üzvlərinin, toplantı iştirakçılarının fikir və təklifləri dinlənildi.
Sonda Sevinc Süleymanova yeni tərkibdə yaradılmış İctimai Şuranın üzvlərini təbrik edərək, onların fəaliyyətinin yeni dövrün çağırışlarına uyğun olaraq təşkil olunmasının zəruriyiliyini, ictimai nəzarətin həyata keçirilməsi məqsədilə ardıcıl tədbirlərin təşkil edilməli olduğunu vurğuladı və onlara gələcək fəaliyyətlərində uğurlar arzu etdi.
Çıxışlardan sonra tədbir müzakirələr əsasında davam etdi, üzvlərin təklifləri dinlənildi, suallar cavablandırıldı.