Binəqədi rayonunda yağan yağışlar nəticəsində sel sularının vurduğu fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir
17-20 oktyabr tarixlərində respublikanın əksər ərazilərində hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqədar intensiv olaraq fasiləsiz yağışlar yağmışdır.
Yağışın miqdarı Binəqədi rayonunda o cümlədən, rayonun Xocəsən, Biləcəri, Binəqədi və M.Ə.Rəsulzadə qəsəbələri ərazisində daha intensiv olmuş, nəticədə rayonun ərazisindən keçən Xırdalan-Binəqədi kollektoru, eyni zamanda qəsəbələrin ərazisindən keçən təbii kanal daşmış, sel suları ətrafa yayılaraq ümumilikdə 5 minə yaxın fərdi yaşayış evlərini, qeyr-yaşayış obyektlərini və məhəllədaxili yolları yağış və çirkab sular basmış, Binəqədi şossesində avtomobil nəqliyyatının hərəkəti tam məhdudlaşmış və əhali arasında ciddi narahatlığa səbəb olmuşdur.
Təbii fəlakət baş verən gündən etibarən rayonun fövqalədə hallar komissiyasının tərkibində aidiyyəti qəsəbələr üzrə rayon icra hakimiyyətinin vəzifəli şəxslərinin rəhbərliyi ilə operativ qərargahlar yaradılmış, sakinlərlə yerlərdə görüşlər keçirilmiş və təbii fəlakətin fəsadlarının birgə aradan qaldırılması işləri təşkil edilmişdir.
Həmçinin rayon kommunal xidmət təşkilatları gücləndirilmiş iş rejiminə kecirilmiş və sutka ərzində növbətçilik sistemi təşkil edilmişdir.
Binəqədi Rayon İcra Hakimiyyətinin, rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin, “Azərsu” ASC-nin və yerli özünüidarəetmə orqanlarının birgə gördüyü tədbirlər nəticəsində insan tələfatının qarşısı alınıb, təhlükəli yerlərdə olan 100-dən artıq ailə təxliyyə edilib və Binəqədi şosesində nəqliyyatın hərəkəti qismən bərpa edilib.
Görülmüş tədbirlər nəticəsində Xocəsən qəsəbəsində təbii fəlakətin nəticələri tam aradan qaldırılıb, Biləcəri qəsəbəsində vətəndaşların xahişini nəzərə alaraq yağış sularını ötürmək üçün daxili imkanlar hesabına sakinlərlə birlikdə 3 min metrdən cox açıq kanalların qazılması işlərinə başlanılıb və bu iş bu gün də davam edir. Eyni zamanda bugünkü günə artıq 4500-dən cox evdən suyun cəkilməsi işləri yekunlaşıb, hal-hazırda 243 fərdi evlərdə su qalmışdır.
Bununla yanaşı, təbii fəlakətin fəsadlarını tam olaraq aradan qaldırmaq üçün Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq qurumlarla koordinasiyalı şəkildə zəruri tədbirlərin görülməsi davam edir.
Həyata keçirilən bütün bu işlərdə göstərdiklərə dəstəyə görə Binəqədi rayon İcra Hakimiyyəti olaraq sakinlərimizə təşəkkürümüzü bildiririk.
Sakinlərimiz günün istənilən saatında Binəqədi rayonunun su basmış ərazilərində yaradılmış və fəaliyyət göstərən Qərargahlara müraciət edə bilərlər.
Bununla əlaqədar ərazilərdə fəaliyyət göstərən Qərargahların əlaqə nömrələri:
1. Binəqədi rayonu üzrə: 1646 (“Sakinlərin Müraciət Xidməti– 1646”)
2. M.Ə.Rəsulzadə qəsəbəsi üzrə: 412 28 74 (M.Ə.Rəsulzadə bələdiyyəsi)
3. Biləcəri qəsəbəsi üzrə: 401 37 64 (Biləcəri bələdiyyəsi)
4. Binəqədi qəsəbəsi üzrə: 411 21 80 (daxili nömrə-19) (Binəqədi bələdiyyəsi)