Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilanın işğalının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

28 oktyabr 2016 | 11:00

28 oktyabr 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Mərkəzi Mədəniyyət Evi və Zəngilan rayonu 1 saylı tam orta məktəbin təşkilatçılığı ilə Zəngilan rayonunun erməni silahlı qüvvələri tərəfindən işğal olunmasının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə əvvəlcə dövlət himni səsləndirildi. Sonra tədbir şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsilə açıq elan edildi.
Tədbirdə anım günü ilə bağlı Zəngilan rayonu 1 saylı tam orta məktəbin şagirdlərininn ifasında hazırlanmış bədii kompaziya nümayiş etdirildi, Zəngilan rayonuna həsr olunmuş şeirlər səsləndirildi.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı Zəngilan rayonunun işğal olunmasının erməni silahlı qüvvələrinin işğalçı siyasətinin tərkib hissəsi olduğunu bildirdi. Natiq Zəngilanın 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunduğunu, işğal nəticəsində yüzlərlə şəhid olduğunu, bu günədək rayonun 44 sakininin itkin düşdüyünü, on minlərlə insanın doğma yurdundan didərgin düşdüyünü qeyd etdi. İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Zəngilan rayonunun Azərbaycanın ayrılmaz hissəsi olduğunu, dövlətin qaçqın və məcburi köçkünlərə daim diqqət və qayğıyla yanaşdığını vurğuladı. O bildirdi ki, gənclərimiz işğal olunmuş torpaqlarımızın azad olunması üçün Ali Baş Komandan İlham Əliyevin əmrinə daim hazırdırlar. Aprel döyüşlərindən qürurla söz açan Jalə Tofiqqızı Azərbaycan ordusunun əzmkarlığını, mübarizliyini vurğulayaraq, işğal altındakı torpaqlarımızın o cümlədən, Zəngilanın düşmən tapdağından tezliklə azad olunacağına əminliyini bildirdi.
Tədbirdə YAP Binəqədi Rayon Təşkilatının Binəqədi qəsəbə ərazi ilk partiya təşkilatının sədri Ağabala Musayev, Zəngilan rayonu 1 saylı tam orta məktəbin direktoru Suğra İmanova çıxış edərək Zəngilan haqqında təəssüratlarını bölüşdülər. Onlar gec-tez torpaqlarımıza qayıdacaqlarını bildirdilər.

Keçidlər