Gənc idmançılar arasında kross yürüşü keçirildi
“05 Mart – Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə 05 mart 2013-cü il tarixdə “Dərnəgül” metrosu stansiyasının üzərindəki ərazidə Binəqədi rayonunun yeniyetmə və gənc idmançılarının iştirakı ilə 1 (bir) km məsafəyə kross yürüşü keçirildi.
Yürüşdə iştirak edən 350 nəfər idmançıya Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin loqosunu əks etdirən köynək və idman kepkası paylandı.
Tədbirdə iştirak edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov çıxışında son illərdə ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan, paytaxt Bakının, eləcə də digər şəhər və rayonlarımızın çoxsaylı beynəlxalq turnirlərə ev sahibliyi etdiyindən, yeniyetmə və gənclərimizin son illər qazandıqları saysız-hesabsız uğurlarından danışdı və yarışda iştirak edən idmançıları bayram günü münasibətilə təbrik etdi.
Finiş xəttini daha tez qət edən 10 idmançı (5 oğlan və 5 qız) Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən qiymətli xatirə hədiyyələri ilə mükafatlandırıldı.