Şriftin ölçüsü :

Saytın rəngi :

“Daşınmaz əmlakın icbari sığortalanması” mövzusunda məlumat saatı keçirildi

10 noyabr 2016 | 11:00

10 noyabr 2016-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının akt zalında “Daşınmaz əmlakın icbari sığortalanması” mövzusunda məlumat saatı keçirildi.
Məlumat saatında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, “Paşa Sığorta”nın Fərdi və Bank sığortası üzrə baş nümayəndəsi – şöbə müdirinin müavini Murad Zahidov, Aparatın şöbə müdirləri, əməkdaşları, rayon icra nümayəndələri, bələdiyyələr və YAP Binəqədi rayon təşkilatının fəal üzvləri iştirak etdilər.  
Məlumat saatının ilk hissəsində Azərbaycan Respublikası Prezidentinin qəbulları, görüşləri, səfərləri,  iştirak etdiyi tədbirlər,  imzaladığı fərman və sərəncamlar barəsində məlumat verildi.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva “Daşınmaz əmlakın icbari sığortalanması” mövzusunda keçirilən məlumat saatının proqramı haqqında məlumat verdi və bu cür mövzuların əhəmiyyətini diqqətə çatdırdı.
Sonra “Daşınmaz əmlakın sığortalanması haqqında” “Paşa Sığorta”nın Fərdi və Bank sığortası üzrə baş nümayəndəsi – şöbə müdirinin müavini Murad Zahidov çıxış edərək ətraflı məlumat verdi.
Qeyd edək ki, Daşınmaz əmlakın icbari sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin 2-ci fəslində nəzərdə tutulmuşdur. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
Bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri, binalarının və mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.
Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sökülməsi barədə qərar qəbul edilmiş,eləcə də , tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur.
İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu: Bu Qanun Azərbaycan Respublikasında daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləməklə, onların hüquq və mənafelərinin qorunması məqsədi ilə Azərbaycan Respublikasında qeyd olunan icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu növlərin aparılması qaydalarını və şərtlərini müəyyən edir.
Təqdimatdan sonra məlumat saatı diskussiya şəkilində davam etdirildi.

Keçidlər