Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ulu Öndərə məktub” mövzusunda inşa yazı müsabiqəsi keçirildi
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun təşkilatçılığı ilə 10 noyabr 2016-cı il tarixdə Binəqədi rayonu Gənclər evində Yeni Azərbaycan Partiyasının yaradılmasının iyirmi dördüncü ildönümü münasibətilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ulu Öndərə məktub” mövzusunda inşa yazı müsabiqəsi keçirildi.
Tədbirin rəsmi hissəsində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun şöbə müdiri Könül Nəhmətova iştirak etdilər.
Məktəblilər qarşısında çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının Azərbaycan tarixində mühüm yeri olduğunu nəzərə çatdıraraq, onlara dərslərini əla oxumağı, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətində öz bilik və bacarıqları ilə yaxından iştirakı tövsiyə etdilər.
Sonra Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova iştirakçıları müsabiqənin Əsasnaməsi ilə tanış etdi.
İnşalar Təşkilatçılar tərəfindən hazırlanmış və kodlaşdırılmış xüsusi dəftərlərdə yazılır, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən təsdiq olunmuş münsiflər heyəti tərəfindən yoxlanılır. Müsabiqənin nəticəsinə əsasən ilk üç yeri tutan şagird Naxçıvan Muxtar Respublikasına təşkil olunacaq ekskursiyada iştirak edəcək.