Binəqədi rayonunda YAP-ın 24 illiyinə həsr olunmuş “Ulu öndər estafeti” adlı idman yarışları keçirildi
11 noyabr 2016-cı il tarixdə Bakı Tennis Akademiyasında Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Binəqədi rayon Komitəsinin birgə təşkiltçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 24 illiyinə həsr olunmuş “Ulu öndər estafeti” adlı idman yarışları keçirildi.
YAP Binəqədi rayon təşkilatının təşəbbüsü ilə keçirilən “Müstəqilliyim, Partiyam: - Əbədiyyətim...” adlı layihə çərçivəsində keçirilən yarışlarda Binəqədi rayonunda fəaliyyət göstərən 5 bələdiyyənin – Binəqədi rayon, Rəsulzadə, Binəqədi, Biləcəri və Xocasən qəsəbə bələdiyyələrinin Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət komandaları arasında idman yarışları keçirildi.
Yarışların rəsmi hissəsinin açılış mərasimində çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov tədbir iştirakçılarını və şagirdləri salamladı. Onlara YAP-ın yaranma tarixi haqqında ətraflı məlumat verərək, 1992-ci ilin 21 noyabr tarixində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə partiyanın Naxçıvan şəhərində təsis yığıncağının keçirildiyini qeyd etdi. Ramiz Göyüşov rayon təşkilatı tərəfindən YAP-ın yaradılmasının 24 illiyinə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini, bu dəfəki “Ulu öndər estafeti” adlı idman yarışlarının da bu silsilə tədbirlərdən biri olduğunu söylədi. Həmçinin bu yarışlarda qalib gələcək komandaların kapitanlarının Naxçıvan Muxtar Respublikasına səfər edəcəklərini, orada ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin siyasi fəaliyyəti ilə yaxından tanış olmaq imkanı qazanacaqlarını vurğuladı.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva yarış iştirakçılarına uğurlar arzu etdi. Ulu öndər Heydər Əliyevin uşaqları böyük məhəbbətlə sevdiyini və onlara daim xüsusi həssaslıqla yanaşdığını söylədi. Həmçinin bildirdi ki, bu cür tədbirlər gənclərin və yeniyetmələrin fiziki sağlamlığının qorunması, onların aktivliyinin artırılması baxımından əhəmiyyətlidir. Aygün Əliyeva gələcəyimiz olan şagirdlərə, onların hərtərəfli inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs etdi. İstər ölkə, istərsə də Binəqədi rayonu ərazisində diqqət və qayğının nəticəsi olaraq çoxsaylı tədbirlərin həyata keçirildiyini vurğuladı.
Müxtəlif fiziki hərəkətlərdən ibarət yarışların nəticəsinə əsasən Binəqədi rayon bələdiyyəsini təmsil edən komanda birinci, Binəqədi qəsəbə bələdiyyəsini təmsil edən komanda ikinci, Rəsulzadə bələdiyyəsini təmsil edən komanda isə üçüncü yerə layiq görüldülər. Sonda qaliblərin mükafatlandırılması mərasimi keçirildi. Qaliblərə diplomlar, medallar, kuboklar və hədiyyələr təqdim edildi.
Mərasimdə Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov və “İnkişaf Naminə İdman” İctimai Birliyinin sədri, Milli Olimpiya Komitəsinin üzvü Mehman Kərimov çıxış edərək qalibləri təbrik etdilər.