Binəqədi rayonunda “Beynəlxalq Tolerantlıq günü” qeyd olundu
15 noyabr tarixində YAP Binəqədi rayon təşkilatının inzibati binasında “Beynəlxalq Tolerantlıq günü” ilə bağlı tədbir keçirildi.
Keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, millət vəkili Qüdrət Həsənquliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Sərxanbəy Xudiyev, ASAN Könüllüləri, YAP fəalları, rayonun idarə, müəssisə, təşkilatlarının nümayəndələri iştirak etdilər.
İlk öncə tədbir iştirakçıları və qonaqlar YAP Binəqədi rayon təşkilatının foyesində təşkil olunmuş Multikulturalizm dəyərlərini özündə ehtiva edən sərgi ilə tanış oldular.
Daha sonra tədbirin aparıcısı tədbir haqqında geniş məlumat verdi.
Sonra çıxış edənlər millət vəkili Qüdrət Həsənquliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Sərxanbəy Xudiyev və Sodrujestva Cəmiyyətinin rayon şöbəsinin sədri Elmira Bayquzina bildirdilər ki, ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Natiqlər çıxışlarında Prezident İlham Əliyevin dindarlarla keçirdiyi görüşləri, Ramazan bayramlarında ənənəvi olaraq din xadimləri ilə iftar süfrələrində birgə iştirakı və bu kimi mərasimlərə Azərbaycanda mövcud digər dini icmaların nümayəndələrinin də qatılmasının ölkədə tolerant düşüncəsinin artıq tam bərqərar olduğunu göstərdiyini diqqətə çatdırdılar.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva qeyd etdi ki, müxtəlif ölkə, sivilizasiya və mədəniyyətlərin getdikcə genişlənən qarşılıqlı əlaqələri şəraitində tolerantlıq problemi, fərqli mədəniyyət nümayəndələrinin dialoqu xüsusi əhəmiyyət kəsb edir. Natiq çıxışında böyüməkdə olan nəsli uşaq yaşlarından tolerantlıq mədəniyyətinə, vətənpərvərliyə, özünə hörmət etmə və başqalarının dəyərlərinə ehtiramla yanaşmağa öyrətməyin lazım olduğunu vurğuladı.
Azərbaycanda multikulturalizm həm əhalinin mentalitetindən irəli gələn dəyərdir, həm də Ulu öndər Heydər Əliyevdən başlayaraq dövlət ideologiyasının tərkib hissəsidir. Azərbaycanda multikulturalizm dəyərləri təhsil, mətbuat və ictimaiyyətdə davamlı olaraq təşviq olunur və dini-mədəni müxtəliflik mühiti dövlət qayğısı ilə qorunur. Natiq çıxışında qeyd etdi ki, Azərbaycanı dünyada multikulturalizmin əsas mərkəzinə çevrilib. Fəxrlə qeyd edə bilərəm ki, ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən siyasət dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir və yüksək qiymətləndirilir. Daim xalqımızın milli-mənəvi dəyərlərinin mütərəqqiliyini vurğulayan dövlət başçısı cənab İlham Əliyev gələcək inkişafımızı zəngin tarixi keçmişə söykənən adət-ənənələrimizlə müasir ideyaların sintezində görməklə, ölkəmizdə milli-dini dəyərlərin qorunub saxlanılması istiqamətində ardıcıl işlər həyata keçirir. Bütün bunlar bir daha göstərir ki, Prezident İlham Əliyev tarixi keçmişimizin unudulmasına imkan vermir və çalışır ki, gələcək nəsillər xalqımızın milli-mənəvi dünyasına daha çox bağlı olsunlar.
Çıxışlardan sonra başlanan tədbirin bədii hissəsində rayonun balaca fidanları müxtəlif ölkələrin geyimlərini nümayiş etdirdi, rəqslər və mahnılar ifa olundu.