“Vətəndaş iştirakçılığı: yerli demokratiyada mühüm alət kimi” mövzusunda seminar-təlimi Moldovanın paytaxtı Kişinov şəhərində öz işinə başladı
Tədbirdə Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna və s ölkələrdən 50-dək mer, yerli icra strukturlarının rəhbərləri, bələdiyyə sədrləri iştirak etməkdədir. 16-17 noyabr 2016-cı il tarixində davam edən tədbirdə Kişinovun baş meri cənab Sorin Çirtoaka, Avropa Birliyinin Moldova Nümayəndəliyinin rəhbəri cənab Pirka Tapiola və Avropa Şurasının Moldova Nümayəndəliyinin rəhbəri cənab Xose-Luis Herrero giriş nitqləri ilə çıxış etdi, daha sonra sözü Avropadan olan beynəlxalq ekspertlər aldı. Seminar-təlim işini müxtəlif işçi qruplarında davam etdirdi, yuxarıda qeyd olunan ölkələrin təcrübələri, qərar qəbulunda vətəndaş iştirakçılığının təmin olunması, xidmət sahələri, seçkilər və şəffaflıq və s. sahələrdə geniş fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, Binəqədi bələdiyyələrini təmsil edən Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva və Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinin sədr müavini Lyudmila Xəlilova seminar-təlimdə iştirak edirlər.
Hazırda idarəetmənin müxtəlif səviyyələrində, xüsusilə yerli özünüidarəetmədə vətəndaş iştirakçılığının təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan seminar-təlim bu istiqamətdə təcrübə mübadiləsinin aparılması və beynəlxalq təcrübənin öyrənilməsi, onların yerlərdə tətbiqi bütün bələdiyyələr üçün faydalı olacaqdır.