Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümü münasibətilə «Müstəqilliyim, partiyam, əbədiyyətim» adlı tədbir keçirildi
Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümü münasibətilə «Müstəqilliyim, partiyam, əbədiyyətim» adlı tədbir keçirildi.
Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının qərargahında keçirilən tədbirin iştirakçıları əvvəlcə Ümummilli liderimiz, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzüb, Ulu öndərin əziz xatirəsini böyük ehtiramla yad etdilər.
Tədbirdə ilk olaraq Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş film nümayiş etdirildi.
Sonra giriş sözü ilə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov qonaqları salamlayaraq bildirdi ki, 21 noyabr tariximizdə əlamətdar bir gündür. O qeyd etdi ki, 21 noyabr 1992-ci ildə yaradılan YAP ötən 24 ildə şərəfli yol keçib.
Tədbirdə Azərbaycan Respublikasının Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - İcra katibi Əli Əhmədov çıxış edərək partiya üzvlərini əlamətdar hadisə münasibətilə təbrik etdi. Əli Əhmədov YAP-ın yaranması, keçdiyi böyük şərəfli yol və qazandığı möhtəşəm nailiyyətlərdən ətraflı bəhs etdi. Yeni Azərbaycan Partiyasının yaranma səbəblərini və həmin dövrün ictimai-siyasi xarakterini izah edən Əli Əhmədov qeyd etdi ki, Azərbaycan 1990-cı illərin əvvəllərində uçurum qarşısında idi: “Belə bir vəziyyətdə Azərbaycanın xilas yolunu Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görən ziyalılar Ulu öndərin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaranması təşəbbüsünü irəli sürdülər. Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. Çünki Azərbaycan çox ciddi milli fəlakətlərlə üz-üzə qalmışdı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması xalqımızı bu fəlakətdən xilas etdi”.
Əli Əhmədov dedi ki, Azərbaycanın yeni tarixində mühüm siyasi əhəmiyyətə malik olan hadisələr arasında Yeni Azərbaycan Partiyasının yaradılması xüsusi yer tutur. Onun fikrincə, Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın müasir tarixinin ən möhtəşəm hadisələrindən biridir. “24 il öncə Yeni Azərbaycan Partiyasının yaradılması müasir tariximizdə Azərbaycan xalqının taleyini dəyişən əzəmətli hadisələrdən biridir”, - deyə YAP İcra katibi qeyd etdi.
YAP-ın yaranmasını iki fundamental amillə əlaqələndirən Əli Əhmədov qeyd etdi ki, bunlardan birincisi xalq, ikincisi isə şəxsiyyət amilidir: «O dövrün mənzərəsini təhlil etsək əminliklə deyə bilərik ki, YAP xalqın istəyi ilə yarandı. 1990-cı illərin ağır, çətin anları xalqımızı belə bir partiya yaratmağa sövq etdi. YAP Azərbaycanda yeganə siyasi təşkilatdır ki, xalqın istəyi ilə yaranıb. Partiyanın yaranmasında ikinci amil isə şəxsiyyət amilidir. Azərbaycan xalqı məhz Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycanın çətinliklərdən, məhv olmaq təhlükəsindən xilas olunmasını görürdü. Və buna görə də, Heydər Əliyevin rəhbərliyi ilə belə bir partiyanın yaradılmasını dəstəklədi. Hər iki amil YAP-ın yaranmasının və bu gün möhtəşəm siyasi təşkilata çevrilməsini təmin etdi”.
YAP-ın Azərbaycan tarixində böyük rol oynadığını deyən Əli Əhmədovun sözlərinə görə, bu partiya ölkəmizin siyasi palitrasına yeni baxışlar gətirib: “YAP yeni siyasi fəlsəfəyə, yeni baxışlara əsasən yaranaraq siyasi meydana qədəm qoyub, tez bir zamanda böyük və nüfuzlu siyasi təşkilata çevrilib. Partiyaya Heydər Əliyev kimi görkəmli şəxsiyyətin rəhbərlik etməsi cəmiyyətin bütün təbəqələrinin bu siyasi təşkilatın ətrafında birləşməsinə səbəb oldu”.
YAP Sədrinin müavini qeyd etdi ki, Azərbaycan vətəndaşlarını 24 il əvvəl narahat edən problemlər bu gün öz yerini davamlı inkişafa və tərəqqiyə verib. Onun sözlərinə görə, ötən dövr ərzində YAP üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. YAP-ın uğurlar partiyası olduğunu deyən Əli Əhmədov bildirdi ki, bu, təkcə partiyamızın deyil, müasir Azərbaycanın taleyidir. Çünki partiyamız müasir, müstəqil dövlətimizlə eyni addımlayır. “Ölkəmizin bugünkü inkişafına gəlib çatmasının başlıca amili ondan ibarətdir ki, ötən illər ərzində Azərbaycanda məhz Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi yol uğurla davam etdirilib. Partiyamızın yüz minlərlə üzvü həmişə olduğu kimi bundan sonra da müstəqil dövlətimizin inkişafı naminə böyük fədakarlıqlar göstərəcək”, - deyə YAP Sədrinin müavini vurğuladı.
Əli Əhmədov qeyd etdi ki, YAP-ın böyük gücünün və qüdrətinin kökündə dayanan bir çox fundamental əsaslar mövcuddur. “Birincisi, təbii ki, partiyanın Ümummilli lider Heydər Əliyev tərəfindən yaradılması və Onun müəyyənləşdirdiyi ideyalar və prinsiplərə əsaslanmasıdır. Digər fundamental əsas YAP-ın Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərməsidir. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət və bu siyasətin böyük uğurlar qazanması, iqtisadiyyatımızın güclənməsi, iqtisadi yüksəliş əsasında insanların rifahının yaxşılaşması, ölkəmizin imicinin dəyişdirilməsi, simasının yeniləşməsi, modernləşməsi, beynəlxalq aləmdə nüfuzunun artması və digər bu kimi amillər insanların inamını möhkəmləndirib. Bu inam YAP-ın gücünü, qüdrətini artıran amillərdən biridir. Digər amil isə YAP-ın bütövlükdə Azərbaycanın intellektual gücünü, siyasi intellektini özündə birləşdirməsidir. Bunun bir ifadəsi də YAP-ın öz sıralarında yüz minlərlə insanı birləşdirməsidir. Digər tərəfdən, bu, sadəcə, bir statistika deyil, böyük intellektual gücün YAP-ın ətrafında sıx birləşməsini ehtiva edir və bu intellektual güc çoxlu sayda vətəndaşın YAP sıralarında birləşməsi ilə əzəmətli siyasi gücə və siyasi mərkəzə çevrilmiş olur. Bu insanlar Heydər Əliyev ideyalarına sadiqliyi, bu gün Prezident İlham Əliyevin siyasətini qətiyyətlə dəstəkləmələri, bütövlükdə cəmiyyətdəki yüksək nüfuz və hörmətləri ilə YAP-ın nüfuzunu müəyyənləşdirirlər. Bütün bunların hamısı YAP-ın gücünü göstərən fundamental əsaslardır”, - deyə YAP Sədrinin müavini vurğuladı.
Əli Əhmədov daha sonra bildirdi ki, Ulu öndər Heydər Əliyev siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi YAP-ın sonrakı inkişafını şərtləndirən əsas amil olub. Qeyd olundu ki, YAP-ın əldə etdiyi qələbələr Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə və bu siyasətə vətəndaşlarımızın münasibətinin yüksək olması ilə bilavasitə əlaqədardır.
Əli Əhmədov bildirdi ki, YAP öz nəhəng fəaliyyəti ilə həm ölkəmizdə, eləcə də beynəlxalq aləmdə nüfuzlu siyasi təşkilat kimi tanınmaqdadır. Belə ki, Yeni Azərbaycan Partiyasının adındakı yeniləşmə məfkurəsi Azərbaycanın hüdudlarından da kənara çıxıb: “Bu ideya yeni cəmiyyət qurma fəlsəfəsini ortaya qoyur. Bu baxımdan, xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında yaradılan Yeni Azərbaycan Partiyası inkişaf və tərəqqi yolunu tutmaqla öz öncüllüyünü qoruyur”.
YAP sədrinin müavini eyni zamanda qeyd etdi ki, bu gün YAP ümumxalq partiyasına çevrilib. Çünki partiyanın ətrafında yüz minlərlə insan birləşir, ölkəmizin inkişafı və tərəqqisi naminə fəaliyyət göstərir. Ona görə də YAP-ın uğurlu fəaliyyəti həm də ölkəmizin nailiyyətlər qazanmasına öz töhfələrini verməkdədir.
Baş nazirin müavini vurğuladı ki, Azərbaycan hazırda regionun lider dövlətidir. Ölkəmizin beynəlxalq aləmdə mövqeyi xeyli güclənib. Azərbaycan iqtisadiyyatının inkişaf etməsi, müasirləşməsi ölkəmizin həm regionda, həm də dünyada mövqeyini ciddi şəkildə möhkəmləndirib. Azərbaycan neçə ildir ki, bölgənin lideri statusunu daşıyır və bu statusu heç zaman əldən verməyəcək. “Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsini sübuta yetirən ciddi misallar gətirmək olar. Bir neçə il əvvəl ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi gənc ölkənin xarici siyasətinin və ümumilikdə dövlətin həyata keçirdiyi siyasətin uğurundan xəbər verir. Azərbaycanın həyatındakı dəyişikliklər, ölkənin inkişafı davamlı olacaq”, - deyə YAP Sədrinin müavini qeyd etdi.
Əli Əhmədov dedi ki, bir neçə aydan sonra YAP üzvlərinin sayı 700 min nəfərə çatacaq. Onun sözlərinə görə, Azərbaycanın tarixində belə bir güclü partiya heç vaxt olmayıb: «Təsadüfi deyil ki, bu gün Yeni Azərbaycan Partiyasının sıralarında 700 minə yaxın Azərbaycan vətəndaşı cəmləşib. Bu, böyük bir qüvvədir. Partiyamızın sıralarında olmaq hər bir üzvümüz üçün qürur mənbəyinə çevrilib. Bu, sadəcə, bir statistika deyil, bu, 700 minə yaxın Azərbaycan vətəndaşının Ümummilli liderin ideyalarına dərin məhəbbətinin göstəricisidir, bu ideyaları reallaşdıran Prezident İlham Əliyevin siyasətinə və dövlətçiliyə sədaqətin ifadəsidir. Çünki Yeni Azərbaycan Partiyası yarandığı gündən Azərbaycan dövlətinə sədaqətlə xidmət edib. YAP üzvü olmaq, sədaqətli Azərbaycan vətəndaşı olmaq, dövlətçiliyə xidmət etmək deməkdir».
Qazanılan uğurlarla yanaşı, ölkəmizin qarşısında gələcək hədəflərin də dayandığını deyən Əli Əhmədov ölkəmizin iqtisadiyyatının daha da güclənməsinin, əhalinin rifah halının daha da yüksəlməsinin, Azərbaycanın regionda və beynəlxalq miqyasda mövqelərinin daha da gücləndirilməsinin qarşıda dayanan əsas vəzifələr sırasında olduğunu vurğulayıb. Onun fikrincə, bütün bunlar müstəqilliyimizin əbədiyaşar olması üçün önəmlidir: “Yeni iqtisadi modelin ortaya qoyulması, yeni islahatların həyata keçirilməsi isə ölkəmizin gələcək inkişafı üçün çox etibarlı zəmin olacaq. Beləliklə, qarşımızda mühüm vəzifələr dayanır. İnanıram ki, biz, üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyik. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların yeni mərhələsi ölkəmizə yeni nailiyyətlər qazandıracaq və bütün bunlar Azərbaycan vətəndaşlarına xidmət edəcək, iqtisadiyyatımız daha da inkişaf edəcək, daha möhtəşəm nailiyyətlər əldə edəcək, insanlarımız müstəqil dövlətin verdiyi bütün imkanlardan daha geniş və faydalı şəkildə istifadə edəcəklər”. Əli Əhmədov bu prosesdə YAP-ın da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə etdi.
Daha sonra tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edərək YAP-ın xalqın istəyi ilə yarandığını bildirdi. O qeyd etdi ki, bu partiya Ulu öndər Heydər Əliyevin nurlu zəkasının bəhrəsidir. «Heydər Əliyev ideyalarından güc alan YAP bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır»- deyə, icra başçısı vurğuladı.
Tədbirdə həmçinin YAP Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva və «Heydər Əliyevə məktub» müsabiqəsinin qalibi Zəhra Əliyeva çıxış etdilər.
Sonra «Müstəqilliyim, partiyam, əbədiyyətim”” layihəsi çərçivəsində keçirilən müsabiqələrin qalibləri mükafatlandırıldı. Eləcə də, YAP sıralarına yeni qoşulmuş şəxslərə üzvlük vəsiqələri təqdim olundu.
Tədbirə bədii hissi ilə yekun vuruldu.