Sakinlərin Müraciət Xidməti – 1646-nın əsas məqsədi dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəvidə inkişafıdır
Binəqədi Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Sakinlərin Müraciəti Xidməti-1646”nın (SMX) yaranmasından xeyli vaxt keçir. Əminliklə demək olar ki, xidmət bu müddətdə sakinlərin böyük inam və etimadını qazanıb. SMX - vətəndaşlarla operativ ünsiyyətin yaradılması, rayon icra hakimiyyətinə gəlmədən və yazılı müraciət etmədən onları narahat edən problemlərin icra hakimiyyətinə çatdırılması baxımından faydalı, mütərəqqi və əvəzsiz xidmət növüdür. Yerli icra hakimiyyətləri arasında ilk dəfə Binəqədi Rayon İcra Hakimiyyətində təşkil edilmiş bu xidmət bütün müasir avadanlıq və sürətli kommunikasiya sistemi ilə təchiz edilməklə 24 saat fasiləsiz fəaliyyət göstərir. Qurum fəaliyyətə başladığı gündən rayon ərazisində yaşayan əhaliyə yüksək keyfiyyətli xidmətlər göstərməyi qarşısına məqsəd qoyub. Hətta digər rayonlardan da sakinlərin bu xidmətə müraciət etməsi hallarına rast gəlinir. Bu da qurumun vətəndaşlar arasında yüksək nüfuzundan xəbər verir. Aparılan təhlillər onu deməyə əsas verir ki, SMX-1646 sayəsində yuxarı orqanlara edilən şikayət və müraciətlərin sayı da müəyyən qədər azalıb.
Gərgin iş rejiminə baxmayaraq, xidmətin əməkdaşları sakinlərin müraciətlərinin cavablandırılması zamanı yüksək peşəkarlıq nümayiş etdirərək, hər bir vətəndaşla nəzakətlə danışır, onları səbrlə dinləyir və qarşılaşdıqları problemlərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görürlər.
Artıq 3 il 9 ay fəaliyyət göstərən qurumun fəaliyyəti insanlarla ünsiyyətin yaradılması, onların suallarının operativ cavablandırılması və şikayət xarakterli müraciətlərinin qeydiyyata götürülməsi baxımından uğurlu nəticələr verir.
Sakinlərin Müraciət Xİdməti – 1646-nın rəisi Anar Səfərov hazırda bəzi rayonlarda da buna oxşar xidmət növlərinin fəaliyyətə başladığını diqqətə çatdırdı və həmin qurumlardan xidmət növlərinin onların təcrübəsi əsasında yaradıldığı üçün müəyyən məsləhətlər almaq məqsədilə onlara müraciət edildiyini və tərəflərindən müvafiq köməkliyin göstərildiyini bildirdi.
SMX həftənin bütün günləri 24 saat ərzində əhaliyə xidmət göstərir. Hətta bayram günləri də əməkdaşlar iş başında olurlar.
SMX rəisinin sözlərinə görə, hər bir zəng operatora yönəldikdən sonra 7 saniyə ərzində cavablandırılmaq üçün qəbul edilir və sualın cavablandırılması zamanı sərbəst şərhlərə yol verilmir. Hər bir sualın izahı rəsmi sənədlərə istinadla cavablandırılır. Belə sənədlər olmadıqda isə sual vərəqəsi tərtib edilir və bu zaman müraciət edənin kimliyi, ünvanı və telefon nömrəsi qeydə alınır. Şikayətdə olan qaranlıq məqamlar əlavə suallar verməklə aydınlaşdırılır. Şikayətçinin etdiyi müraciətin məzmununa əlavə və dəyişikliklər olarsa, həmin düzəlişlər qarşı tərəfə yenidən oxunur. Şikayət vərəqəsi qəbul olunduqdan sonra operator müraciətin kateqoriyası üzrə operativ şəkildə aidiyyəti yerli quruma, ünvanın aid olduğu qəsəbə nümayəndəliyinə (bələdiyyəyə), icra hakimiyyətinin müvafiq şöbəsinə məlumat verir. Şikayət vərəqəsi vətəndaşın müraciətində qeyd etdiyi məsələ tam həll olunanadək nəzarətdə saxlanılır. Operatorla vətəndaş arasında aparılan danışıqların lentə yazılması telefon danışıqlarına nəzarət etmək məqsədi güdür. Anonim zənglər avtomatik təyin olunur. SMX ilə əlaqə saxlamaq üçün istər stasionar, istərsə də mobil telefonlardan 1646 nömrəsinə zəng etmək lazımdır.
Xidmət rəisi ötən müddət ərzində qurumun fəaliyyətində müəyyən yeniliklərin də olduğunu vurğuladı. Onun sözlərinə görə, rayon ərazisində fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarla koordinasiyalı iş qurulub. Sakinlərin şikayətlərinin daha operativ həlli üçün aidiyyəti qurum rəhbərlərinin mobil telefonlarına SMS-lər göndərilir ki, bu da idarə və müəssisə rəhbərlərinin məsuliyyətini xeyli artırmış olur. Eyni zamanda, xidmətə daxil olan müraciətlərin günü-gündən artdığını da diqqətə çatdırıldı.
Fəaliyyətə başladığı gündən indiyədək Binəqədi SMX-ya 137 min şikayət və müraciət daxil olub. Bu müddət ərzində bir günə daxil olmuş orta zəngin sayı 81 təşkil edib. Təbii ki, bu da insanların Binəqədi Rayon İcra Hakimiyyətinə olan inamından irəli gəlir. Xidmətin səmərəli fəaliyyəti nəticəsində yuxarı instansiyalara edilən şikayətin də sayında xeyli azalma müşahidə edilib.
Özlərinin əlaqə telefonları və qaynar xətlərinin mövcud olmasına baxmayaraq kommunal xidmət sahələrində mövsümə uyğun olaraq - su, qaz, istilik təchizatı ilə əlaqədar yaranmış problemlərlə bağlı müraciətlər daha çox üstünlük təşkil edir.
Vətəndaşların məhz Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış “Sakinlərin Müraciət Xidməti”nə üz tutmaları insanların bu ünvana olan yüksək etimadının nəticəsidir.