YAP Binəqədi rayon təşkilatında “Tariximiz xatirələrdə” adlı layihə həyata keçirildi
29 oktyabr-26 noyabr 2016-cı il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyi və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə VIII qrant müsabiqəsinin qalibi Binəqədi rayon təşkilatının fəal gənci Məcid İskəndərovun “Tariximiz xatirələrdə” adlı layihəsi həyata keçirildi.
29 oktyabr 2016-cı il tarixdə YAP Binəqədi rayon təşkilatının inzibati binasında layihənin açılış mərasimi və birinci təlimi keçirildi. Tədbirdə YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Azərbaycan Respublikasının elm sahəsi üzrə Dövlət Mükafatı laureatı, böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru Vidadi Umudlu, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova və gənclər iştirak etdilər.
“Tariximiz xatirələrdə” adlı layihənin əhəmiyyətindən danışan natiqlər qeyd etdilər ki, hər bir gənc tarixi keçmişimizi dərindən bilməli, Azərbaycanın milli-mədəni irsi, tarixi, qəhrəmanlıq nümunələri haqqında məlumatlı olmalıdırlar. Ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində tarixi xidmətlərinə diqqəti çəkən Sevinc Abdullayeva gənc nəsildə milli-mənəvi dəyərlərə hörmət və sədaqət hissinin gücləndirilməsinin vacibliyini nəzərə çatdırdı. Sonra tarixçi alim Vidadi Umudlu xronoloji ardıcıllıqla Azərbaycanın qədim və zəngin dövlətçilik tarixindən bəhs edən geniş məruzə ilə çıxış etdi. Məruzədə Azərbaycanın XIX əsrin əvvəllərində Rusiya imperatorluğu tərəfindən işğalı, Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri haqqında ətraflı məlumat verdi. Təlimin sonunda isə bütün iştirakçılar birgə çay süfrəsinə qatıldılar.
Növbəti təlim 19 noyabr 2016-cı il tarixdə Binəqədi rayonu Gənclər Evində keçirildi. Tədbirdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Faiq Babayev, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova, və tələbələr iştirak etdilər.
Faiq Babayev XX əsrin əvvəllərində Azərbaycanda mövcud olan ictimai-siyasi vəziyyət, 1906-cı ildə yaradılmış “Difai” partiyasının məqsəd və vəzifələri, partiyanın proqramından bəhs edən geniş məruzə ilə çıxış etdi. Bildirdi ki, 1905-ci ildə erməni-azərbaycanlı ziddiyyətlərinin kəskinləşməsi milli siyasi təşkilatın yaradılmasını zəruri etmişdir. “Qafqaz müsəlmanlarını məhv olmaq təhlükəsindən” xilas etmək məqsədilə yaradılan partiya əhali arasında geniş maarifçilik işi aparmış və böyük nüfuz qazanmışdı.
26 noyabr 2016-cı il tarixdə YAP Binəqədi rayon Təşkilatının inzibati binasının akt zalında layihənin bağlanış mərasimi keçirildi. Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon Gənclər və İdman idarəsinin rəisi Qüdsi Bayramov, YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva iştirak etdilər.
İlk olaraq “ Tariximiz xatirələrdə “ layihəsinin rəhbəri Məcid İskəndərov çıxış edərək bildirdi ki, layihənin əsas məqsədi tarixi savadsızlığın aradan qaldırılması və dövlətçilik ənənələrinin daima yaşadılmasıdır.
Daha sonra YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov və Binəqədi rayon Gənclər və İdman idarəsinin rəisi Qüdsi Bayramov çıxış edərkən ölkənin bütün gənclərini bu gün mövcud olan milli-mənəvi dəyərlərə hörmətlə yanaşmağa və xalqın tarixinə daima hörmət etməyə dəvət etdilər. Son olaraq təlimlərdə aktiv iştirak edən gənclərə sertifikatlar təqdim olundu.