Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəbəqədər təhsil müəssisələri ilə keçirilən “Onlar ilə öyrənək və öyrədək” layihəsinə yekun vuruldu

30 noyabr 2016 | 11:00

30 noyabr 2016-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və “Humel” Psixologiya Mərkəzinin təşkilatçılığı ilə rayonun məktəbəqədər təhsil müəssisələri ilə keçirilən “Onlar ilə öyrənək və öyrədək” layihəsinə Binəqədi Rayon Gənclər Evində yekun vuruldu.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, “Humel” Psixologiya Mərkəzinin baş psixoloqu Ülviyyə Hümmətova, uşaq psixoloqu Ülkər Sadıqova, Psixologiya Mərkəzinin digər mütəxəssisləri, rayonun məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və nümayəndələri iştirak etdilər.
Tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova qonaqları salamladı, yeni istifadəyə verilmiş Binəqədi Rayon Gənclər Evi, burada gənclər üçün yaradılan şərait və imkanlar barədə məlumat verdi.
Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı rayonun məktəbəqədər təhsil müəssisələri ilə keçirilən “Onlar ilə öyrənək və öyrədək” layihəsinin məqsədi və əhəmiyyəti barədə məlumat verdi. O bildirdi ki, Rayon İcra Hakimiyyəti olaraq məqsədimiz cəmiyyətə sağlam nəsil, sağlam gələcək yetişdirməkdir. Bu baxımdan sözügedən layihə çərçivəsində məqsəd uşaqlarda yaranmaqda olan və pedaqoji fəaliyyətin inkişafında maneə yaradan psixi, sosial və başqa psixoloji nöqsanların aşkarlanması, onların aradan qaldırılmasında məktəbəqədər təhsil müəssisələrinə yardımçı olmaqdır. 
Sonra “Humel” Psixologiya Mərkəzinin baş psixoloqu Ülviyyə Hümmətova və  uşaq psixoloqu Ülkər Sadıqova Binəqədi rayonundakı məktəbəqədər təhsil müəssisələrində “Onlar ilə öyrənək və öyrədək” layihəsi çərçivəsində uşaqlarla keçirilən görüşlər, onlarla aparılan "Mənim ailəm", "Ev, ağac, adam", "İnsan rəsmi" adlı məşğələ-təlimlər və keçirilən görüşlərin yekun nəticələrinə dair təqdimatla çıxış etdilər. Bildirildi ki, 3 bağcada 80 uşaqla aparılan diaqnostika nəticəsində problemsiz və  ya az problemli uşaqlar böyük faizlə çoxluğu əhatə edir. Qarşılaşan problemlər sırasında isə ardıcıllıq bu cür təşkil edir: sosial təlaş və adaptasiya, kiçik matorikanın ləngiməsi, nitq qüsurları və davranış pozuntuları. Psixoloqlar tərəfindən vurğulandı ki, problem üzərində kompleks şəkildə çalışmaq lazımdır. Uşaqlarla işdə müsbət nəticə əldə etmək üçün valideynlərlə, bağça tərbiyyəçiləri və psixoloqların əlaqəli və birgə fəaliyyəti zəruridir.
Tədbir interaktiv müzakirələrlə davam etdirildi. Məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri layihənin əhəmiyyətini vurğuladılar və belə görüşlərin tərbiyəçilərlə, eləcə də valideynlərlə keçirilməsinə böyük zərurət olduğunu qeyd etdilər.

Keçidlər