Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası və Qeyri-Hökumət Təşkilatları ilə qarşılıqlı fəaliyyətin təşkili ilə əlaqədar görüş keçirildi
14 mart 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası və Qeyri-Hökumət Təşkilatları ilə qarşılıqlı fəaliyyətin təşkili ilə əlaqədar görüş keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, RİH yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, Şuranın üzvləri və rayon ərazisində fəaliyyət göstərən QHT-lərin rəhbərləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev öz işini “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında quran İctimai Şura ilə sıx əməkdaşlıq əlaqələrindən, vətəndaşların qarşılaşdığı problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi üçün müvafiq işlərin aparılmasının vacibliyindən, rayon ərazisində fəaliyyət göstərən Qeyri-Hökümət Təşkilatları ilə həyata keçirilən layihələrdən danışdı. N.Allahverdiyev çıxışında ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması münasibətilə gerçəkləşdirilən tədbirlərin əhəmiyyətindən danışdı.
Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev hesabat məruzəsi ilə çıxış edərək Şuranın fəaliyyətindən, gördüyü işlərdən, İctimai Şura ilə dövlət qurumları arasında əlaqələrin daha da möhkəmlənməsi, rayon sakinlərinin qarşılaşdıqları problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi istiqamətində görülən zəruri işlərdən söhbət açdı.
Digər çıxış edənlər vətəndaşlar tərəfindən qaldırılan problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi istiqamətində görülən işlərdən, eyni zamanda İctimai Şuranın daha aktiv fəaliyyət istiqamətlərinə dair müzakirələr apardılar.