YAP Binəqədi rayon təşkilatının 8-ci mikrorayon Gənclər təşkilatının seçki yığıncağı keçirildi
2 dekabr 2016-cı il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının 8-ci mikrorayon Gənclər təşkilatının seçki yığıncağı keçirildi.
Yığıncaqda 8-ci mikrorayon Gənclər təşkilatının İdarə Heyətinin, sədrinin, sədr müavinlərinin seçilməsi və gənclər təşkilatının fəaliyyəti üçün qərargahın ayrılması haqqında məsələlər müzakirə edildi
Yığıncağı giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə 8-ci mikrorayon Gənclər Təşkilatı haqqında ətraflı məlumat verdi. Bildirdi ki, rayon təşkilatının uğurlu fəaliyyətində və gənclərlə işinin qurulmasında bu cür gənclər təşkilatlarının mühüm əhəmiyyəti var. Bu baxımdan gənclər təşkilatlarının üzərinə böyük məsuliyyət düşür və orada təmsil olunan gənc üzvlər öz fəallıqları ilə daim partiya işinə töhfə verməlidirlər.
Yığıncaqda geniş nitq söyləyən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov gəncləri salamlayaraq onlarla görüşməkdən böyük məmnunluq hissi duyduğunu bildirdi. Qeyd etdi ki, Binəqədi rayon rəhbərliyi və rayon təşkilatı gənclərin daha da savadlı, intellektli və təşəbbüskar gənclər olaraq yetişməsi üçün çoxsaylı uğurlu layihələr həyata keçirir. Gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakının təmin edilməsi, partiya işinə daha yaxından cəlb olunması üçün çoxsaylı tədbirlər reallaşdırılır. Bu baxımdan rayon təşkilatı gənclərə stimul olaraq onların ideyalarının həyata keçirilməsinə hər zaman dəstək olur. Gənclər də öz növbəsində prinsipial olmalı, daim öz üzərində işləməli və öz uğurlu təklifləri ilə örnək olmalıdırlar. Ramiz Göyüşov 8-ci mikrorayon Gənclər Təşkilatının üzvlərinə tövsiyyələrini verərək yeni seçiləcək sədrin bu istiqamətdə uğurla fəaliyyət göstərəcəyinə inandığını bildirdi.
Daha sonra gənclər çıxış edərək fikir və təkliflərini irəli sürdülər. YAP Binəqədi rayon təşkilatının fəal gənci Quliyeva Sona Rafik qızının gənclər sahəsində bilik və təcrübəsini nəzərə alaraq 8-ci mikrorayon Gənclər Təşkilatının sədri seçilmək üçün namizədliyi irəli sürüldü və sədr seçildi. Gənclər Təşkilatının İdarə Heyətinin üzvlərindən Əliyev Əsgər Zahid oğlu və Hüseynzadə Kəmalə İlqar qızı isə sədr müavinləri seçildilər.
8-ci mikrorayon üzrə Gənclər təşkilatının qərargahının seçilməsi ilə bağlı məsələyə YAP Binəqədi Rayon təşkilatının sədri Ramiz Göyüşov öz münasibətini bildirdi. Qeyd etdi ki, gənclər təşkilatının fəaliyyəti üçün rayon təşkilatı tərəfindən hər cür dəstək göstəriləcək və müvafiq qərargah ayrılacaq.