YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyi tərəfindən Azərbaycan Əmək Sosial Münasibətlər Akademiyasında gənclərlə görüş keçirildi
2 dekabr 2016-cı il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Gənclər Birliyi tərəfindən Azərbaycan Əmək Sosial Münasibətlər Akademiyasında gənclərlə görüş keçirildi.
Görüşü giriş nitqi ilə açan Azərbaycan Əmək və sosial Münasibətlər Akademiyasının tədris və tərbiyə işləri üzrə prorektoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Sirac Məmmədov qonaqları və gəncləri salamladı. O, akademiyanın fəaliyyəti, pedaqoji və tələbə heyəti, akademiya tələbələrinin qazandığı uğurlar, həyata keçirdiyi müxtəlif məzmunlu layihələr haqqında geniş məlumat verdi. Prorektor öz nitqində Yeni Azərbaycan Partiyasının ölkəmizin ən aparıcı siyasi partiyası olaraq yaradılmasından ötən 24 il ərzində böyük uğurlara imza atmasından və ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu siyasi strategiyasından geniş söz açdı. Onun sözlərinə görə akademiyada təhsil alan gənclərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvüdür və tələbələr arasında partiya sıralarında təmsil olunmaq üçün müraciət edən gənclərin sayı sürətlə artmaqdadır. Prorektor həmçinin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin fəaliyyətini özündə əks etdirən təqdimatın akademiyada nümayiş etdirilməsindən məmnunluq hissi duyduqlarını və bu kimi görüşlərin önəmini xüsusi olaraq vurğuladı.
Görüşdə çıxış edən YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva rayon təşkilatının fəaliyyəti haqqında geniş məlumat verərək təşkilatın müxtəlif aktual mövzularla bağlı mütəmadi tədbirlər və layihələr həyata keçirməsini və gənclərin rayonda daim diqqət mərkəzində saxlanılmasını auditoriyanın diqqətinə çatdırdı. O, həmçinin nitqində rayon partiya təşkilatında gənclərin göstərdiyi aktivlikdən və onların könüllü kimi göstərdikləri fəaliyyətdən geniş söz açaraq bunun uğurlu bir sistem olduğunu bildirdi. Akademiya gənclərinin də rayonun ictimai-siyasi həyatında daim aktiv şəkildə iştirak etdiyini vurğulayaraq tələbələri rayon partiya təşkilatı ilə daha sıx əməkdaşlıq etməyə dəvət etdi.
Daha sonra Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə gənclərin şəxsi inkişafı, siyasi maaarifləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili, könüllülərlə iş prinsipi haqqında ətraflı məlumatı özündə əks etdirən təqdimatla gənclər qarşısında çıxış etdi. Ümumi gedişatda gənclərə rayonda gənclərlə işin təşkili, həyata keçirilən tədbir və layihələr haqqında geniş məlumat verildi, gənclərin sualları cavablandırıldı.
Tədbirin sonunda çıxış edən akademiyanın prorektoru Sirac Məmmədov bu kimi görüşlərin və birgə əməkdaşlığın gələcəkdə daha da möhkəmləndiriləcəyinə inandığını bildirərək qonaqlara akademiyanın rektoru, sosiologiya üzrə elmlər doktoru, professor Hüseyn Qaraşovun adından təşəkkür etdi.