Şriftin ölçüsü :

Saytın rəngi :

"Xalçaçılıq sənətini yaşat və təbliğ et" layihəsinin ikinci seminarı keçirildi

17 dekabr 2016 | 11:00

17 dekabr 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Binəqədi Rayon Gənclər Evində "Xalçaçılıq sənətini yaşat və təbliğ et" adlı layihənin ikinci seminarı keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Azərbaycan Xalça Muzeyinin mətbuat xidmətinin rəhbəri Fuad Rəsul və Muzeyin baş rəssamı, Lətif Kərimovun tələbəsi Tariyel Bəşirov, Bakı Humanitar Kollecin tələbələri, rayon gəncləri və ASAN könüllüləri iştirak etdilər.
Tədbiri Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova giriş nitqi ilə açaraq qonaqları salamladı. O bildirdi ki, Azərbaycan xalq - tətbiqi sənəti olan xalçaçılıq xalqımızın mədəniyyət tarixində özünəməxsus yer tutub və tarixən böyük inkişaf yolu keçib.
Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı layihənin mahiyyəti və əhəmiyyəti barədə məlumat verdi. O bildirdi ki, layihənin məqsədi ölkəmizin bütün bölgələrində Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlər boyu qoruduğu qədim sənət növü olan xalçaçılıq tarixinin öyrənilməsi, unudulmaqda olan xalça sənətinin dirçəlişi və gənc nəsillərə təbliğ olunmasıdır. Natiq qeyd etdi ki, xalçalarımızın milli funksiyasını, hər bir elementinin fəlsəfəsini, səmavi mahiyyətini, eyni zamanda irsi daşıyıcımız olduğunu qabartmalıyıq, dünyaya nümayiş etdirməliyik. Naxışlarımızda, ilmələrimizdəki bəzəyi, milli refleksə, genetik kodlarımıza çevirməliyik.
Sonra Azərbaycan Xalça Muzeyinin mətbuat katibi, layihənin koordinatoru Fuad Rəsul iştirakçı gənclərə layihə haqqında ətraflı məlumat verdi. O qeyd etdi ki, bir ay müddətinə davam edəcək layihə çərçivəsində Azərbaycan Xalça Muzeyinin əməkdaşları mühazirə ilə çıxış edəcək, iştirakçılara əyani şəkildə milli naxışların çəkilməsi, xalçaların toxunması texnikaları öyrədiləcəkdir. Natiq vurğuladı ki, layihə çərçivəsində keçirilən birinci seminarda “Xalçaçılıq sənətinin yaranma tarixi və inanclar” mövzusundan bəhs olunub. 
Çıxışlardan sonra Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Xalça Muzeyinin  baş rəssamı, Lətif Kərimovun tələbəsi Tariel Bəşirov Azərbaycan xalçaları, naxışlar, ornamentlər və onların mənaları barədə ətraflı məlumat verdi, gəncləri maraqlandıran sualları cavablandırdı.
Yekunda aktiv seminar iştirakçısı ASAN könüllüsü Gülər Bəylərova mükafatlandırıldı. 
Layihənin sonunda iştirakçı gənclər Azərbaycan Xalça Muzeyini ziyarət edəcək və onlara əyani olaraq eksponatlar haqqında geniş məlumatlar veriləcək. Həmçinin layihəni uğurla başa vuran gənclərə sertifikatlar təqdim olunacaqdır.

Keçidlər