158 saylı körpələr-evi uşaq bağçasında “Qış sərgisi” və “Rəssam qızın nağılı” adlı bayram şənliyi keçirildi
Dekabrın 19-da Binəqədi rayonu 158 saylı körpələr-evi uşaq bağçasında Yeni il bayramı münasibətilə “Qış sərgisi” və “Rəssam qızın nağılı” adlı bayram şənliyi keçirildi.
Bayram tədbirində Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, 158 saylı körpələr-evi uşaq bağçasının müdiri Rəfiyyə Əsədova, “Humel” Psixologiya Mərkəzinin baş psixoloqu Ülviyyə Hümmətova, uşaq psixoloqu Ülkər Sadıqova və bağçanın balaca fidanları iştirak etdilər.
Öncə bağçanın balaca fidanlarının qış fəslini ehtiva edən əl işləri, rəsm nümunələri sərgisinə baxış keçirildi. Sonra 158 saylı körpələr-evi uşaq bağçasının müdiri Rəfiyyə Əsədova qonaqları salamlayaraq hər bir kəsi təbrik etdi, bu ildə xoş anlar, sevinc dolu hadisələrin üstünlük təşkil etdiyini bildirdi.
Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı uşaqları bayram münasibətilə təbrik edərək hər bir valideynin ən böyük arzusunun övladlarını sağlam, güclü, savadlı, Azərbaycanın layiqli vətəndaşı kimi görmək olduğunu vurğuladı. Bu gün dövlətimiz bunun üçün əlindən gələni edir. Bu gün Azərbaycan sürətlə inkişaf edən, gündən-günə müasirləşən, gözəlləşən bir dövlətdir. Əslində bu gün həyata keçirilən bütün işlər, layihələr, təməli qoyulan planlar gələcəkdə, əziz balacalar, sizin güvənli, sağlam və xoşbəxt ömür sürməyinizə xidmət edir. Natiq uşaqlara can sağlığı, sevinc və heç zaman onların simalarından uşaq təbəssümünün, xoşbəxtliyinin əksik olmamasını arzuladı.
Daha sonra uşaqların ifasında “Rəssam qızın nağılı” nümayiş olundu, Yeni ilə həsr olunmuş şeirlər, mahnılar səsləndirildi. Balacaların nümayiş etdirdiyi kompozisiya maraqla izlənildi.
Tədbirdə Şaxta baba və Qar qızın şənliyə gəlməsi, uşaqların bayramını təbrik etməsi və onlarla rəqs etməsi balacaların sevincinə səbəb oldu.