143 № li tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi
28 oktyabr 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 143 № li tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini-Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi-polis mayoru İsa Həbibzadə, Rayon Polis İdarəsinin 4-cü polis bölməsinin rəisi-polis polkovnik-leytenantı Mirbağır Bağırov, İdarənin Narkotiklərlə mübarizə bölməsinin rəisi-polis baş leytenantı Fərrux Həsənov, İdarənin Yetkinlik yaşına çatmayanların profilaktikası işləri üzrə inspektoru-polis leytenantı Rüfət Qənbərli, 143 № li tam orta məktəbin direktoru Rübabə Abdullayeva, məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə giriş sözü ilə çıxış edən 143 nömrəli tam orta məktəbin direktoru Rübabə Abdullayeva qonaqları salamlayaraq cəmiyyəti narahat edən narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbirin təşkilatçılığı üçün dövlət qurumlarına təşəkkürünü bildirdi.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova cəmiyyətdə hər bir şəxsiyyətin formalaşması üçün ilkin tərbiyənin, şüurunda həkk olunan öyüd-nəsihətin, ailə mühitinin və ailə tərbiyəsinin mühüm əhəmiyyət kəsb etməsini vurğulayaraq, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizədə hamının səfərbər olmalı olduğunu söylədi və bu məsələlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu, yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlərin keçirildiyini, görüşlərin mütəmadi davamı olduğunu qeyd etdi.
Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların profilaktikası işləri üzrə inspektoru-polis leytenantı Rüfət Qənbərli həyata keçirilən maarifləndirmə tədbirləri haqqında ətraflı məlumat verdi.
Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi-polis mayoru İsa Həbibzadə şagirdləri maraqlandıran sualları cavablandırdı.
Sonda məktəblilər "Narkotiksiz gələcək naminə!” mövzusunda videoçarxı izlədilər.