Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbələri 2 aylıq hesabat verdi

14 mart 2013 | 11:00

2013-cü il martın 13-ü Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısı Aparatının şöbələrinin 2 ay ərzində görülmüş işlərə dair  hesabat iclası keçirildi.
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Səmayə Seyidova hesabatla çıxış edərək komissiyaya iki ay ərzində ümumilikdə 130 müraciətin daxil olduğunu, daxil olmuş ərizə və məktubların 11-nin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın, 119-nun isə Qəyyumluq və himayəçilik komissiyasının fəaliyyətinə aid olan məsələlərlə bağlı olduğunu diqqətə çatdırdı.
İnformasiya təminatı və təhlil sektorunun müdiri Yəhya Əliyev sektor tərəfindən 2012-ci ilin Binəqədi Rayon İcra Hakimiyyətinin bütün sahələr üzrə yekun hesabatları və Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbələrinin təqdim etdikləri hesabat formaları haqqında məlumat verdi.
Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşöv qəsəbə və sahə inzibati ərazi dairələri, bələdiyyələr, dairə seçki komissiyaları ilə işin təşkilindən, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının son vəziyyəti, ev təsərrüfatları uçotu kitabının aparılması, səyyar qəbulların keçirilməsi, sahə inzibati ərazi dairələrinin yaradılması ilə bağlı görülən işlərdən məlumat verdi. Yanvar və fevral ayları ərzində Rayon İcra Hakimiyyətinin başçısının iştirakı ilə    5 səyyar görüşün  keçirildiyini diqqətə çatdırdı. Şöbənin baş məsləhətçisi Hacıbaba Babayev şöbə tərəfindən hazırlanan hesabatlar haqqında məlumat verdi. 
Hüquq şöbəsinin müdiri Yunis Hüseynov şöbənin hazırladığı sənədlər və Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmələrdə qaldırılmış iddialar barədə, şöbənin məsləhətçisi Ənvər Mehdiyev şöbəyə 2 ay ərzində daxil olmuş müraciətlər, mənzil növbəsində olan son vəziyyət və vətəndaşların qəbulu haqqında məlumat verdilər. 2 ay ərzində şöbəyə mənzil növbəsi ilə əlaqədar 82 müraciət, sosial kirayə müqaviləsinin dəyişdirilməsi ilə əlaqədar 13 müraciət, sərəncam və orderdə düzəlişlə əlaqədar 15 müraciət, digər hüquqi məsələlərlə əlaqədar 43 müraciət daxil olduğunu diqqətə çatdırdı.
  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Tamilla Hacıyeva hesabatla çıxış edərək şöbə tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə görülmüş işlərdən, ideoloji işin təşkili, mədəniyyət sahəsinin inkişaf etdirilməsi istiqamətində atılan addımlar, qeyri-hökumət təşkilatları ilə iş, şöbəyə daxil olmuş müraciətlər barədə məlumat verdi.
Daha sonra şöbənin baş məsləhətçisi Lalə Seyxanova son 2 ay ərzində keçirilmiş tədbirlər haqqında məlumat verdi. Belə ki, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən imzalanan sərəncamlara müvafiq olaraq rayon ərazisində 20 Yanvar faciəsinin iyirmi üçüncü  ildönümünə, 02 fevral – Azərbaycan Gəncləri Gününə və Xocalı soyqırımının iyirmi birinci  ildönümünə həsr olunmuş bir sıra  tədbirlər keçirilib.
Şöbənin təşkilatçılığı ilə xalq yazıçısı, nasir, publisist, Yazıçılar Birliyinin katibi, hüquq elmləri doktoru Çingiz Abdullayevin  Binəqədi rayon oxucuları ilə görüşü keçirilmiş, Azərbaycanın Respublikasının Milli Qəhrəmanı Vəzir Sədiyevin anım günü, Daşaltı” əməliyyatı günü və  Beynəlxalq Ana dili günü münasibətilə tədbirlər keçirilib. 
Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aqil Eyvazov  sahibkarlığın inkişafının daha da artırılması istiqamətində, əhalinin sosial təminatı və məşğulluğu ilə bağlı görülmüş son işlər haqqında danışdı. Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəvanə Əliyeva şöbənin fəaliyyətinin səmərəliliyinin artırılması, optimal idarəetmənin təşkili məqsədilə KPI sisteminin tətbiqi barədə məlumat verdi.
Qaçqın və məcburi köçkünlərlə iş şöbəsinin müdiri Əzizağa Məmmədov rayon ərazisində məskunlaşmış qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən işlər  və şöbəyə daxil olan müraciətlər barədə məlumat verdi. Hesabat dövrü ərzində Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmiş  342 məcburi köçkün olan şəxslərə “Məcburi köçkün” statusu verildiyi bildirdi.
Binəqədi qəsəbəsi ərazisində yerləşən, Meyvə-Tərəvəz bazasının inzibati binasında məskunlaşmış 22 ailə, Biləcəri qəcəbəsi 274 saylı uşaq bağcasından        2 ailə, 7-ci mikrorayon, 151-saylı uşaq bağcasından 4 ailə, 153-saylı uşaq bağcasından  5 ailə, 158-saylı uşaq bağcasından 7 ailə, 177-saylı uşaq bağcasından 5  məcburi köçkün ailəsi köçürülərək Abşeron rayonu, Mehdiabad qəsəbəsində yeni inşa olunmuş binalarda mənzillərlə təmin olunduğu qeyd edildi.
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov yanvar və fevral ayları ərzində Binəqədi Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətlər haqqında geniş təhlilli hesabatla çıxış etdi. Şöbənin məsləhətçisi Kamran Quliyev Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatında sənədlərlə iş barədə məlumat verdi.
Sakinlərin Müraciət Xidmətinin rəisi Anar Səfərov 1646 xidmətinə daxil olmuş müraciətlər haqqında, Sakinlərin Müraciət Xidmətinin əməkdaşı Səbinə Abbasova müraciətlərdə qaldırılmış məsələlərin icrasının son vəziyyəti barədə məlumat verdilər. Belə ki, fevral ayı ərzində xidmətə 1224 müraciət daxil olmuş, müraciətlərin 728-i birbaşa cavablandırılmış, 441 müraciət üzrə şikayət vərəqəsi və 55 müraciət üzrə sual vərəqəsi tərtib edilmişdir. Şikayət xarakterli 441 müraciətin 234-nün icrası təmin edilmiş, 207-nin həlli nəzərdə tutulmuşdur.
İclasda həmçinin Rayon təsərrüfatı şöbəsinin müdirinin səlahiyyətlərini icra edən Hacıbaba Əkbərov vətəndaşların müraciətləri və abadlıq-quruculuq sahəsində gedən işlərin gedişatı haqqında, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının sektor müdiri- baş mühasibi Əfsanə Həsənova 2 ay ərzində görülən işlərlə bağlı  hesabat verdi.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov öz tövsiyyə və tapşırıqlarını verdikdən sonra hesabat iclası yekunlaşdı.

Keçidlər