Binəqədi rayonunda “Tolerantlıq, Multikulturallıq, Həmrəylik!” adlı yaradıcılıq müsabiqəsinə start verildi
Azərbaycan Respublikası Prezidentinin 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi haqqında 2016-cı il 11 mart tarixli Sərəncamı ilə əlaqədar Binəqədi rayon orta ümumtəhsil məktəblərində “Tolerantlıq, Multikulturallıq, Həmrəylik!” adlı yaradıcılıq müsabiqəsinə start verildi.
Müsabiqə Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı və Rayon Gənclər və İdman İdarəsi tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq keçirilir.
Müsabiqəyə ilk olaraq 23 dekabr 2016-cı il tarixdə 144 nömrəli tam orta məktəbdən başlanıldı. Tədbirdə münsiflər heyətinin, müəllim və şagirdlərin “Multikulturalizm və tolerantlıq” haqqında çıxışları dinlənildi. Çıxışlarda qeyd olundu ki, əsrlər boyu Azərbaycan müxtəlif millətlərin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşadığı ölkə kimi tanınıb, bu gün də ölkədə tolerantlıq prinsiplərinə əsaslanan siyasət aparılır.
Sonra məktəblilər müxtəlif dillərdə şeirlər söylədi, mahnılar ifa etdi, rəqslər nümayiş etdirdilər. Münsiflər heyəti tərəfindən çıxışlara baxıldı və qiymətləndirildi.
Müsabiqədə fərqlənən ən yaxşı məktəblərin mükafatlandırılması 30 dekabr 2016-cı il tarixində Bakı Atıcılıq Mərkəzində keçiriləcək tədbirdə nəzərdə tutulub.